UEFA qadağa qoydu

Krım klubları Rusiya çempionatında oynaya bilməyəcəklər

UEFA Krım klublarına Rusiya tərkibində oynamağı qadağan edib. ANS PRESS-in məlumatına görə, bu barədə futbol təşkilatının baş katibi Gianni Infantino İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Komitəsinin iclasından sonra bəyanat verib. Belə ki, Avropa futboluna rəhbərlik edən UEFA Rusiya tərəfindən ilhaq edilmiş Krımın TSK, SK, ÇF və "Jemçujina" futbol klublarının 2015-ci il yanvarın 1-dən Rusiya çempionatında iştirakına qadağa qoyub. Onun sözlərinə görə, Krımda yaradılacaq "xüsusi zonada" futbol yalnız UEFA-nın himayəsi altında inkişaf etdiriləcək. Təşkilat həmçinin bildirib ki, Krımda futbolun, xüsusilə də gənclər arasında inkişaf etdirilməsi üçün vəsait ayıracaq. UEFA habelə yarımadada futbol infrastrukturu tikintilərinə də vəsait buraxılacağını vəd edib. UEFA eyni zamanda Rusiya Futbol İttifaqına (RFİ) Krımda Ukrayna Futbol Federasiyasının (UFF) icazəsi olmadan hər hansı futbol turnirlərinin keçirilməsinə icazə verməyib. Bununla yanaşı, UEFA Krım klublarının 2014-2015-ci il mövsümündə Rusiya çempionatının ikinci liqasında oynadıqlarına görə Rusiya Futbol İttifaqını cəzalandırmamağı qərara alıb. Bu ilin avqustunda Ukrayna Futbol Federasiyası FİFA və UEFA-ya şikayət edərək Krım komandalarını daxili çempionatlarına buraxdığına görə Rusiya Futbol İttifaqına qarşı sanksiyaların tətbiqinə çağırıb. UEFA-nın qərarını şərh edərkən Rusiyanın idman naziri Vitali Mutko deyib ki, Rusiya Futbol İttifaqı bundan sonra necə hərəkət ediləcəyi barədə UEFA-dan izahat istəməlidir. RFİ-nin prezidenti Nikolay Tolstıx bildirib ki, təşkilat UEFA ilə lazımi məsləhətləşmələri aparacaq, lakin əvvəlcə UEFA İK-in rəsmi qərarını alması lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31