“Neftçala” FK Türkiyədən futbolçu transfer edir

Azərbaycan çempionatının I divizionunda çıxış edən "Neftçala" futbol klubunun baş məşqçisi Kamal Quliyev komandada baş verən yeniliklər barədə "Olaylar"-a məlumat verib. "Neftçala"-nın Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq üçün mübarizə apardığını deyən K.Quliyev bunun üçün klubun əsas hədəfinin I dəstənin çempionu adını qazanmaq olduğunu bildirib: "Uğurlu çıxışımızı sonadək qorumaq üçün maksimum çalışacağıq. İndidən biz I dəstə yox, Premyer Liqa səviyyəsində komanda yaratmağa başlamışıq. Futbolçularımızın çoxusunun gənc və potensiallı olması "Neftçala"-ya böyük imkan yaradır. Gənc oyunçuların özlərini göstərmələri üçün ruh yüksəkliyi lazımdır. Hazırda komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Dekabrın 3-də Neftçalada Azərbaycan Kuboku çərçivəsində "Azal" klubunu qəbul edəcəyik. Bunun özü də bizim üçün futbol bayramıdır. Çempionatın bütün oyunlarına ciddi önəm verdiyimiz kimi "Azal"-la qarşılaşma da "Neftçala" üçün vacibdir". Kamal Quliyev kluba legioner futbolçuların cəlb olunmasl haqqında da danışıb. Artıq gürcü hücumçu ilə anlaşdıqlarını deyən K.Quliyev yaxın günlərdə türkiyəli futbolçunun da baxışdan keçiriləcəyini vurğulayıb: "Mehmet Yıldızı da transfer etməyi düşünürük. Yaxın günlərdə bunun üçün Azərbaycana gələcək. Səviyyəsi qane etsə, razılaşacağıq. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə 4-5 əcnəbi legionerlə komandamızı gücləndirəcəyik". "Neftçala" hazırda I dəstənin turnir cədvəlinə 29 xalla başçılıq edir. Qeyd edək ki, Mehmet Yıldız hazırda Türkiyə çempionatının I liqasında çıxış edən "Ankaraspor"-un formasını geyinir. Yıldızın bundan əvvəlki iş yeri "Sivasspor" və "Osmanlıspor" olub. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31