Kamal Quliyev: “Qarabağ” “İnter”-i məğlub edəcək gücdədir”
28 Noyabr 2014 17:19 İdmanAzərbaycan milli futbol komandasının sabiq oyunçusu, "Neftçala" klubunun baş məşqçisi Kamal Quliyev "Sent-Etyen"-"Qarabağ" oyunu barədə danışıb. "Olaylar"-a açıqlamasında K.Quliyev ilk qolu vurmasına baxmayaraq, "Qarabağ"-ın həmin nəticəni sonadək qoruyub saxlaya bilmədiyini deyib. O, ikinci hissədə ağdamlıların bəxtinin gətirdiyinə inanır: ""Qarabağ"-ın Avro Liqada keçirdiyi qarşılaşmalarda ən zəif oyunu Fransada "Sent-Etyen"-lə oldu. Lakin rəqib meydançasında xal götürmək də pis nəticə deyil. Fransızlar da ikinci hissədə yaratdığı qol epizodlarını dəyərləndirə bilmədilər. Digər tərəfdən "Dnepr"-in "İnter"-ə məğlub olması "Qarabağ"-a şans verdi. Komanda özünü tam cəmləyib Bakıda "İnter"-i məğlub edib qrupdan çıxa bilər. Hər şey klubun öz əlindədir. Qurban müəllim və futbolçuların "İnter"-lə oyunda Fransada buraxdığı səhvləri təkrarlamayacaqlarına inanıram. Yaxşı nəticə üçün lazım gələrsə, "Qarabağ"-ın ölkə çempionatındakı oyunlarını da təxirə salmaq mümkündür. Hamılıqla "Qarabağ"-ın Azərbaycan futbolunda bir ilkə imza atmasına yardım etməliyik. "Sent-Etyen"-lə oyunu yaddan çıxarmaq lazımdır. 1-1-də uğurlu nəticədir, ən azından uduzmadıq. Məsələnin həllini sona saxladıq. Hər şey öz əlimizdədir. "İnter" də əvvəlki "İnter" deyil. Bu komandanı Bakıda məğlub etmək olar. Bunun üçün sadəcə oyunçular məşqçinin verdiyi tapşırıqları meydanda düzgün yerinə yetirməlidirlər". ("OLAYLAR" İA)