""Qarabağ" erməni təxribatına hazır olmalıdır"

Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov səfərdə Fransa "Sent-Etyen"i ilə qarşılaşacaq "Qarabağ"la birgə səfərə yollanıb. Milli.Az xəbər verir ki, o, azerisport.az-a açıqlamasında bu oyunla bağlı fikirlərini açıqlayıb.

- Artıq iki gündür "Qarabağ"ın düşərgəsindəsiz. "Sent-Etyen"lə oyun öncəsi komandadakı atmosfer necədir?

- Gördüklərim xoş təəssürat oyadır. Uşaqlar zarafatlaşırlar, gülürlər. Bütövlükdə xoş atmosfer var. Məşqlərə tam konsentrasiya olublar.

- Qurban Qurbanov itkilərdən danışmağı xoşlamasa da, mətbuat konfransında bu durumun az qala problem olduğunu deyəcəkdi...

- Zədəli futbolçular komandada aparıcı rol oynayanlardır. Çumbinyo, Dias, Reynaldo komandanın əsas heyət üzvləridir. Baş məşqçinin onları kimlərlə əvəzləyəcəyini bilmirəm. Amma mənim üçün bu, doğrudan da böyük problemdir. Onlara layiqli əvəzləyici tapmaq çətin olacaq. İstər-istəməz onların yoxluğu özünü göstərə bilər.

- Sizcə, "Qarabağ"ın bu oyunda uğur qazanmasına nə mane ola bilər?

- Çoxlu amillər saymaq olar. "Sent-Etyen" öz meydanında oynayacaq. Güman ki, Bakıdakı oyundan fərqli bu dəfə daha güclü heyəti meydana buraxacaqlar. Zədəlilərimizin olması da şübhəsiz ki, təsirsiz ötüşməyəcək.

- Əminliklə demək olar ki, "Sent-Etyen" azarkeşləri Fransada ən yaxşılardandır. Bu amil Ağdam klubunun oyununa nə dərəcədə təsir edə bilər?

- "Qarabağ" təcrübəli komandadır. Adlı-sanlı klublara qarşı səfərdə oynayıb. Təbii ki, rəqib bu oyuna böyük motivasiya ilə çıxacaq. Amma azarkeş amilinin ağdamlılar üçün böyük təhlükə olduğunu düşünmürəm. Yeganə təsiredici məqam kimi, erməni təxribatını qeyd edə bilərəm. Çünki Fransada erməni diasporu çox güclüdür. Amma əminəm ki, məşqçilər korpusu futbolçularla bu barədə də söhbət edəcək. Komanda hansısa təxribata da hazır olmalıdır.

- Bu oyuna proqnozunuz necədir?

- Demək çətindir. Amma məndə belə bir hiss var ki, qollu heç-heçə olacaq.

- Yığmamızın yeni baş məşqçisi böyük ehtimalla Robert Prosineçki olacaq. O, bu gün "Qarabağ"ın da oyununa gələcək. Sizcə, "Qarabağ" xorvatiyalı mütəxəssisi təəccübləndirə biləcək?

- Komandamızın Avropa Liqasının qrup mərhələsində oynaması onsuz da Prosineçkini təəccübləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31