Məşhurların “Sent-Etyen” – “Qarabağ” oyunu barədə proqnozları

Noyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycanın "Qarabağ" futbol klubu səfərdə Fransanın "Sent-Etyen" komandası ilə qarşılaşacaq. Xüsusilə Azərbaycanda qarşılaşma böyük maraq kəsb edir. Çünki futbol tarixində ilk dəfə bir Azərbaycan komandası final mərhələsinə vəsiqə qazanmağa çox yaxındır. Bunu da nəzərə alaraq, oyunla bağlı jurnalistlərin proqnozlarını öyrəndik.

Məhəmmədəli Qəribli: ""Qarabağ" bir top üstünlüyü ilə qalib gələcək".

Nicat Qafuroğlu: "Futbol bilgilərim o qədər də çox deyil. Amma yalnız "Qarabağ"-a ürəkdən uğurlar arzulaya bilərəm - bir də dua edə bilərəm".

Mehman Muradlı (hüquq müdafiəçisi): "Oyun 1-1 hesabı ilə başa çatacaq".

Adəm Abbaslı: ""Qarabağ" çox güman ki, uduzacaq. Çünki klubun əsas hücumçusu Reynaldo və digər bir hücumçusu zədəlidir. Rəqib komanda isə Fransanın güclülərindən biridir, "Qarabağ"-la müqayisədə daha üstündür. Həmçinin rəqib komandanın qalib gələcəyinə verdiyim bu proqnoz oyunun məhz Fransada keçirilməsi ilə də bağlıdır. Amma qeyd edim ki, bu bir oyundur, xüsusilə futbol, bu baxımdan dəqiq proqnoz vermək də mümkün deyil".

Ramil Məmmədli: "Hər iki komanda qalib gəlməyə iddialıdır. "Qarabağ"-ın isə bu oyunu qazanması vacibdir. Mənim üçün əsas narahatlıq hakim heyəti ilə bağlıdır. Təcrübə də göstərir ki, Azərbaycan komnadlarının belə mühüm qarşılaşmada hakimlər tərəfindən ədalətsiz qərarlarla qarşılaşırlar. Bu oyunda da baş hakim qərbi avropalıdır. Futbolçularımızın səfər oyuunda bu çox vacib məqamdır. Rəqib komandanın səviyyəsi də aşağı deyil. Yəni oyun da çox çətin keçəcək. Ümid edirəm ki, Fransadan xalla qayıdacağıq".

Zahir Rəhimov: "Arzum qələbə, ümidim heç-heçə, proqnozum məğlubiyyətdir".

Fərahim İlqaroğlu: "İnşallah "Qarabağ"-ımız növbəti sınağından da uğurla keçər və bizi sevindirər. Qurban Qurbanovun yetirmələrindən yaxşı nəticə gözləyirəm. Bütün Azərbaycan onlarla olacaq. Proqnozum isə 2-1 Qarabağın xeyrinədir".

Sənan Şəfizadə: ""Qarabağ"-a inanıram. Sadəcə itkilərimiz çoxdur. Çumbinyo, Reynaldonun olmaması problem yaradacaq. Rəqib evdə daha yaxşı oynayacaq. Mən oyunun heç-heçə başa çatmasını gözləyirəm".


Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31