Parisdə “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə "Bakı 2015" birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində qonaqlar "Bakı 2015"ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar. "Biz birlikdə" adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilmiş film təqdim olunacaq. Filmdə bu yarışa hazırlıqla bağlı Bakıda aparılan işlər, yaradılan idman infrastrukturu və həyata keçirilən digər tədbirlər əksini tapıb. Təqdimat mərasimində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımlarının çıxışı da olacaq. Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul şəhərlərində "Bakı 2015" birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31