“Futboldan anlayışı olmayanlar məni tənqid etməsinlər”

Milli.Az xəbər verir ki, "Avro-2016"nın seçmə mərhələsində Bakıda Norveçlə keçirilən oyunda (0:1) milli komandamızın baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov qol.az saytına müsahibəsində yığmamızın məğlubiyyətinin səbəblərindən, millidəki işini davam etdirmək ehtimalından və digər məsələlərdən danışıb.

- Milli komandanın baş məşqçisi kimi Norveçlə ilk oyununuz necə keçdi?

- Əsas məqsədimiz Norveç millisi ilə yaxşı oyun sərgiləmək idi. Heç olmasa oyundan bir xal qazanmaq istəyirdik. Futbolçularımız da çox yaxşı hazırlaşmışdılar və ən əsası istəkli idilər. Bütün komanda şəklində cəmi altı gün bir yerdə məşq etdik. Düşünürəm ki, məğlub olsaq da yaxşı oynadıq. Qol vəziyyətləri yarada bilməsək də layiqli oyun göstərdik. Nədənsə hamı Norveçin qələbəsini çox kiçildir, amma o, Bolqarıstan millisindən heç də zəif komanda deyildi. Oyundan da gördünüz ki, bizə heç bir şans vermədilər.

- Bəs məğlubiyyətin əsas səbəbi nə idi?

- Standart vəziyyətlərdə çətinlik çəkirik. Bu, bizim köhnə xəstəliyimizdir. Elə qolu da buna görə buraxdıq. Bu haqda komandaya xüsusi təlimat verilmişdi. Halbuki, məşqlərin çoxu əsasən cinahlardan hücum təşkil etmək və standart vəziyyətlərdən müdafiə olunmaq istiqamətində aparılmışdı. Amma yenə də futbolçularımız tapşırığın öhdəsindən gələ bilmədilər.

- Ümumiyyətlə, ilk oyununuz birmənalı qarşılanmadı. Pisləyənlər də oldu, dəstəkləyənlər də.

- Əslində düşünürəm ki, pis oynamadıq. Amma tənqid edənlər çox oldu. Əgər məni futbol mütəxəssisləri pisləyirlərsə, bu, başa düşüləndir, yox, futboldan anlayışı olmayanlar tənqid edəndə, həqiqətən, mənə pis təsir edir. Bu insanlar özlərini futbol bilicisi kimi aparırlar. Amma onlar əslində Azərbaycan futboluna zərbə vuran insanlardır. Bəzi səviyyəsiz futbolçuları Azərbaycan çempionatına gətirib, futbolumuzu məhv edirlər. Belə adamlar öz işləri ilə məşğul olsalar, daha yaxşı olar.

- Bədavi Hüseynovla Qara Qarayevi əsas heyyətdə meydana buraxmamağınızın səbəbi nə idi?

- Norveç yığmasının hücum xəttində hündürboylu futbolçular çoxdur. Ona görə Elvin Yunuszadəyə şans verdim ki, başla oyunda rəqibin hücumlarının qarşısını alaq. Düşünürəm ki, Elvin də işinin öhdəsindən pis gəlmədi.

- Səlahət Ağayevə də buna görə əsəs heyətdə yer vermişdiniz?

- Səlahətin əsas heyətdə oynamağının əsas səbəbi son oyunlarda yaxşı təsir bağışlaması oldu. Çempionat oyunlarında da demək olar ki, qapısını toxunulmaz saxlaya bilirdi. Düşünürəm ki, ona da nə vaxtsa şans vermək lazım idi. İlk dəqiqələrdə bir az həyəcanlı oynasa da, etimadımı doğrultdu.

- Milli komandada baş məşqçi kimi qalmaq ehtimalınız varmı?

- Yox. Özünüz də də bilirsiz ki, AFFA rəsmilərinin də əcnəbi məşqçilərlə danışıqları gedir. Ona görə də milli komandada baş məşqçi kimi qalmağım real deyil.

- Sizcə, əcnəbi məşqçi sizdən daha faydalı olacaq?

- Məncə, futbolumuzu daha yaxından bilən insanlar milli komandada olmalıdır. Millinin baş məşqçisi yerli futbolçuları yaxından tanımalıdır. Ona görə də yerli məşqçi daha faydalı olar. Əgər əcnəbi məşqçi olacaqsa da, Azərbaycan futbolunu yaxından bilən adam olmalıdır. Başqa ölkədən gələn məşqçi ilə milli komanda bir oyun məğlub olanda deyirlər ki, məşqçiyə vaxt lazımdır. Yerli məşqçi məğlub olanda isə əksinə, bacarmadığını söyləyirlər. Bir oyunla bizi bu qədər tənqid etmək lazım deyil. Bizə dəstək olmaq əvəzinə birmənalı şəkildə işimizin öhdəsindən gələ bilməməkdə günahlandırırlar.

- Milli komandada məşqçi kimi işinizə necə, davam edəcəksinizmi?

- Hələ ki, milli komandadayam. Sonra nə olacağını bilmirəm. Hər şeyi zaman göstərər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31