Adrian Pit "Xəzər Lənkəran"ı xatırladı: "Təəssüf ki..."
20 Noyabr 2014 20:00 İdman"Mirça Rednik Azərbaycana gedəndə məni də özü ilə apardı. Orada çox gözəl 3 il keçirdim". Apasport.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Adrian Pit deyib. 31 yaşlı futbolçu ölkəmizdəki karyerası haqqında danışıb. Rumıniyalı futbolçu bildirib ki, Azərbaycanda oynamaq onun üçün böyük təcrübə olub: "Xəzər Lənkəran"da oynadığım ilk illərdə uğur qazandıq. Azərbaycan kubokunun sahibi olduq. Mütəmadi olaraq, Avropa Liqasında çıxış edirdik. Bu, böyük təcrübə idi. Lakin sonradan komandamız bir az zəiflədi və aşağı yerlərdə qərarlaşmağa başladı. Hətta orada oynadığım son ildə biz heç Avroliqaya da vəsiqə qazana bilmədik. Orada əla azarkeşlər var idi. Onlar həmişə komandadan uğur tələb edirdilər. Ona görə də "Xəzər Lənkəran" hər zaman iddialı olmalı idi. Komanda üçün əla şərait yaradılmışdı. Azərbaycanda ən yaxşı stadionlardan biri Lənkəranda idi. Amma təəssüf edirəm ki, 2 il daimi oynadıqdan sonra ciddi zədə aldım və bu mənə sonradan oynamağa imkan vermədi. Yayda da bu səbəbdən sevimli komandamı tərk etdim".
Qeyd edək ki, Adrian Pit 2011-2014-cü illərdə "Xəzər Lənkəran"da çıxış edib. O, "ağ-yaşıllar"la meydana çıxdığı 75 oyunda 9 qola imza atıb.