Oğuz Çətin: ""İnter" ani səhvi gözləyir"

"Bizim üçün önəmli oyundur. Son turlara baxsaq, komandamız özünə gəlməyə başlayıb. Bunu "İnter"lə görüşdə də davam etdirmək lazımdır". Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin deyib. Topaz Premyer Liqasının XII turu çərçivəsində bu gün "İnter"in qonağı olacaq "ağ-yaşıllar"ın çalışdırıcısı matç haqqında fikirlərini açıqlayıb. "Rəqib çempionatın ən güclülərindən biridir. Ən az qol buraxan və ən çox qol vuran komandadır. Çempionatda cəmi 1 məğlubiyyətləri var ki, onu da bizdən alıblar. Yenidən onlar üzərində qələbə qazanmaq istəyirik. Məncə, hər 2 komanda gərgin matç olacağını bilir. Ümid edirəm ki, meydandan biz qalib ayrılacağıq", - deyə Çətin bildirib. Türkiyəli mütəxəssis vurğulayıb ki, bu qarşılaşmaya hazırlıq üçün 1 həftə süni ot örtüklü meydançada məşq ediblər: "Süni meydançada oynamaq bizim üçün həmişə çətin olub. "İnter"lə qarşılaşmaya xüsusi hazırlaşdıq. Bir həftə süni meydançada məşq etmişik. Həm də rəqibin müdafiədə daha çox oynaması çətinlik yaradır. Buna baxmayaraq, Lənkəranda onları məğlub edə bildik. İndi bizim motivasiya olmağımız lazımdır. Səhvlərə yol versək, onlar bundan maksimum istifadə edə bilərlər. Çünki belə komandalar həmişə yaxşı müdafiə olunub, rəqibin ani səhvini gözləyirlər. Biz bunu etməməliyik və qol vurmağı bacarmalıyıq".
Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" matçı saat 18:00-da "İnter Arena"da start götürəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31