Bakıda kompyuter oyunları üzrə 6-cı Dünya Çempionatı keçiriləcək
12 Noyabr 2014 15:12 İdmanAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli Sərəncamına müavafiq olaraq, noyabrın 12-16-ı tarixlərində Bakıda Kompüter oyunları üzrə 6-cı Dünya Çempionatı (The 6th e-Sport World Championship) keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, çempionat GİN tərəfindən Beynəlxalq Kiber İdman Federasiyası (The International e-Sports Federation) və Azərbaycan Kiber İdman Federasiyası ilə birgə həyata keçirilir. Çempionatın açılışı və oyunlar üzrə yarışlar Bakı Kristal Zalında noyabrın 13-də baş tutacaq.
Qeyd edək ki, Kompüter oyunları üzrə Dünya Çempionatları 2009-cu ildən etibarən özündə 48 üzv ölkəni birləşdirən Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) təşəbbüsü ilə keçirilir. Bakıda baş tutacaq Kompüter oyunları üzrə 6-cı Dünya Çempionatında dünyanın 33 ölkəsini təmsil edən 250 nəfərdən artıq nümayəndə iştirak edəcək. Yarışın ümumi mükafat fondu isə 90 000 manat təşkil edir ki, bu da öz növbəsində Kompüter Oyunları üzrə Dünya Çempionatların keçirilmə tarixində ən böyük mükafat fondudur. Yarışın bağlanış mərasimi noyabrın 16-da gerçəkləşəcək.