"Uzun illər "Xəzər Lənkəran"da çalışmaq istəyirəm"

"Çempionatda yaranan fasilədən yüksək səviyyədə istifadə etməyə çalışırıq. Oyunçuların fiziki göstəricilərini gücləndirmək üçün xüsusi proqramlar tərtib etmişik. Hazırlıq prosesi məni qane etsə də, daha çox çalışmalıyıq". Milli.Az xəbər verir ki, bu sözləri qol.az saytının müxbiri ilə söhbətində "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin deyib. Çempionluq iddialarından danışan türkiyəli mütəxəssis "Xəzər Lənkəran"ın qış fasiləsinə qədər ən azı ilk "üçlük"də yer alacağına inandığını qeyd edib: "Hələ qarşıda oyunlar çoxdur. Azərbaycan çempionatının iddialı komandaları göz önündədir. "Xəzər Lənkaran", "Qarabağ", "Neftçi", "İnter", "Bakı" və s. Biz bilirik ki, bu klubların hamsı son anacan çempionluq uğrunda mübarizə aparacaq. Çünki onlar bu gücə sahibdirlər. Ümid edirəm ki, qarşıdakı oyunlarda yaxşı nəticələr əldə edib çempionatın birinci yarısında ilk üçlükdə qərarlaşacağıq. Məqsədimiz qış fasiləsinə ən azı ilk "üçlük"də yollanmaqdır". Klub rəhəbərliyi ilə münasibətlərindən söz açan O.Çətin onun üçün hər bir şəraitin yaradıldığını bildirib: "Xüsusilə başladığımız ilk günlərdə şərtlər daxilində "Xəzər Lənkəran" üçün hər şey edildi. Getməli olan oyunçular getdi, lazım olanlar kluba cəlb olundu. Biz də bunaların qarşılığını əlimizdən gələn qədər verməyə çalışırıq". ""Xəzər Lənkaran"a Türkiyədən futbolçu transfer etmək fikriniz varmı" sualını cavablandıran O.Çətin Türkiyədən oyunçu gətirməyin asan olmadığını deyib: "Türk futbolunu çox yaxşı bilirəm, oyunçuları da kifayət qədər tanıyıram. Ehtiyacımız olsa və şərtlər uyğun gəlsə, bu haqda düşünürəm. Ancaq Türkiyədə transfer qiymətləri çox yüksəkdi. Ona görə də bu iş elə də asan deyil". O.Çətin müsahibələrinin birində "Fənərbağça"da işləmək istəməsi ilə bağlı səsləndirdiyi fikrə aydınlıq gətirib: "Təbii ki, irəliləyən illərdə öz vətənimdə çalışmağı çox istəyirəm. Amma hələlik bütün diqqətimi "Xəzər Lənkaran"a yönəltmişəm. Çünki burada görəcəyim çox işlər var. Tək arzum bu klubda uğur qazanmaq və burda uzun illər çalışmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31