Sona 2 mərhələ qaldı: Velosipedçimiz 4-cüdür

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün keçirilən 7-ci mərhələdə iştirakçılar 126.2 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 47 dəqiqə. Fotofinişə əsasən Maksim Averin 12-ci, Elçin Əsədov 15-ci, Aleksandr Surutkoviç 16-cı, Samir Cəbrayılov 24-cü, Ənvər Asanov 32-ci, İsmayıl İlyasov isə 49-cu olub. 7 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: S.Cəbrayılov 12-ci, A.Surutkoviç 16-cı, M.Averin isə 19-cudur. Yürüşün 23 yaşadək velosipedçiləri arasında S.Cəbrayılov 4-cü pillədədir - o, liderə cəmi 5 saniyə uduzur. İ.İlyasov 8-ci, Ə.Asanov isə 13-cü yerdə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 3-cü pillədədir. Sabah keçiriləcək 8-cı mərhələdə iştirakçılar 114 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31