441 gündən sonra
7 Noyabr 2014 12:08 İdmanAğdamın "Qarabağ" klubunun avrokuboklardakı ev oyunlarında məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin IV turunun "Dnepr"lə matçında mövsümün ilk ev yenilgisini alıblar. 2014/15 mövsümündə öz meydanında keçirdiyi 4 qarşılaşmada uduzmayan ağdamlılar 5-ci matçda "ilişiblər". 1:2 hesabı ilə uduzan "Qarabağ" bunadək Çempionlar Liqasında "Valletta"nı (Malta) 4:0, "Zalsburq"u (Avstriya) 2:1 hesabı ilə məğlub etmiş, Avropa Liqasında "Tvente" (Hollandiya) və "Sent-Etyen"lə (Fransa) qolsuz heç-heçəyə nail olmuşdu. "Qarabağ" avrokuboklarda son ev məğlubiyyətini ötən mövsümün sonunda almışdı. Avropa Liqasının pley-off mərhələsində Almaniya "Ayntraxt"ı Bakıdan qalib ayrılmışdı. 2013-cü il avqustun 22-də Frankfurt təmsilçisi 2 cavabsız qolla buna nail olmuşdu. Ağdam klubu 441 gündən sonra Tofiq Bəhramov adına Respublika stadionunu məyus tərk edib.