Asif Əsgərov: “”Qarabağ”-ın oyununda jurnalistlər fasilə vaxtı qəlyanaltı edə bilərlər”
6 Noyabr 2014 12:07 İdman"Qarabağ" FK-nın meneceri Asif Əsgərov klubun Avropa Liqası oyunlarında media nümayəndələrinə yerlərin məhdud ayrılması məsələsinə aydınlıq gətirib. UEFA-nın tələblərinin qrup mərhələsinin oyunları üçün fərqli olduğunu deyən A.Əsgərov klubun həmin tələbləri yerinə yetirmək məcburiyyətində qaldığını bildirib. "Olaylar"-n "Qarabağ"-ın rəsmi saytında istinadən məlumatına görə, A.Əsgərov məsələ barədə jurnalistlərə müraciət edib: "UEFA-da Azərbaycanda fəaliyyət göstərən idman saytlarının demək olar ki, hamısının siyahısı var. Hətta bəzi qeyri - idman saytlarının, hansıki onların da idman bölmələri var, bunu da bilirlər. Belə olan halda, idman yönümlü mətbuat orqanlarından maksimum iki nəfərin akkreditasiyadan keçməyini tələb edirlər. Çünki, deyək ki, bir saytda 5 nəfər qeydiyyatdan keçsə də, heç də bunların hamısı həmin vaxt jurnalist kimi işini görmür. Yəni, həmin saytdan bir, ya iki nəfər oyun zamanı məlumatları çatdırır, digərləri isə oyunu izləyib, sonrakı yazılarında bunu qələmə alırlar. Biz də UEFA-nın tələbini nəzərə alaraq, media bölümünü iki hissəyə ayırdıq. Bir hissədə həmin vaxt işləyəcək jurnalistlər, hansıki onlara akreditasiya verilib, digər bölmədə isə "Qarabağ"a azarkeşlik edib, oyunu analiz edən və sonra bu barədə fikirlərini yazacaq həmkarlarınız. Həmin jurnalistlərə isə media-qonaq biletləri təqdim olunub. Bundan əlavə, media bölümündə qeydiyyatdan keçmiş jurnalistlər üçün fasilə zamanı VİP bölmədə təqdim olunan qəlyənaltının eynisi onlar üçün də təşkil ediləcək. Yəni, fasilə zamanı vəsiqəsi olan jurnalistlər media nümayəndələri üçün ayrılmış kafedə qəlyənaltı edə bilərlər. Hər zamankından fəqli olaraq, bu dəfə müxtəlif qəlyanaltılar təklif olunacaq".