AFFA AZAL və "Bakı"nın futbolçularını cəzalandırdı
4 Noyabr 2014 18:35 İdmanBu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Premyer Liqanın XI turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Noyabrın 2-də Premyer Liqanın XI turunun "Xəzər Lənkəran" - "Simurq" matçında "Simurq" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Neftçi" - AZAL matçının 82-ci dəqiqəsində AZAL klubunun 12 №-li futbolçusu Ramos Luis Kolon idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. "Qəbələ" - "Bakı" matçında isə "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində "Bakı" klubunun 21 №-li futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.