İdmançımız ermənini məğlub etdi
Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir
4 Noyabr 2014 12:26 İdmanRusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarışın üçüncü günü Azərbaycan idmançıları üçün uğurlu olub. Rinqə çıxan 5 boksçumuzun hamısı qalib gəlib. 70 kq çəki dərəcəsində çıxış edən Rasim Çobanlı çexiyalı Daniel Svestkanı mübarizədən kənarlaşdırıb - 3:0. Boksçumuz ¼ finalda Belarus nümayəndəsi Mikita Krasnabayevlə qarşılaşacaq. Ruslan Rüstəmovun (46 kq) qələbəsi isə daha əlamətdar olub. Milli komandamızın üzvü erməni boksçusu Jirayr Sargeyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz ¼ finalda rusiyalı Pavel Ryasniylə üz-üzə gələcək. 75 kq çəki dərəcəsində mübarizə aparan Hacı Dilbazov da Avropa birinciliyinə qələbə ilə başlayıb. Dilbazov İsrail təmsilçisi Vyaçeslav Şemetovu məğlub edib - 3:0. Boksçumuz ¼ finalda ukraynalı İvan Çubreviçevlə görüşəcək. Malik Həsənov isə (48 kq) Ukrayna təmsilçisini yarışdan kənarlaşdırıb. Həsənov Sergey Korol üzərində qələbə qazanıb - 3:0. Məhəmməd Abdullayev (80+kq) Avropa birinciliyində ikinci görüşünü nokautla başa vurub. Boksçumuz litvalı Marek Korolkovu 2-ci raundda təslim olmağa məcbur edib. Yarımfinala vəsiqə əldə edən Abdullayev Ukrayna idmançısı Vyaçeslav Qavrilyukla qarşılaşacaq. Avropa birinciliyinə noyabrın 8-də yekun vurulacaq.