“Crocus” terrorundan 2 il ötür - 145 canın harayı hələ də susmayıb
16:47 HadisəRusiyanın paytaxtı Moskva şəhərində törədilən "Crocus" terrorundan 2 il ötür.
Musavat.com bildirir ki, "Crocus Group"un vitse-prezidenti Emin Ağalarov terror aktı qurbanlarının xatirəsini yad edərək sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, hadisə 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert salonunda törədilib. Silahlı şəxslərdən ibarət qrup konsert zalına basqın edib, odlu silahlardan tamaşaçılara atəş açıb və binanı yandırıb. Terror nəticəsində 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.
Onu da qeyd edək ki, bir neçə gün öncə terror aktı törədən 4 nəfər - Dalercon Mirzoyev, Şəmsidin Fariduni, Məhəmmədsobir Fayzov və Səidakram Murodali Raçabalizoda (hamısı Rusiya Federasiyasının terrorçu və ekstremist siyahısına daxil edilib) ömürlük həbs cəzası alıblar. Mirzoyev, Fariduni və Fayzov təqsirkar olduqlarını tam, Raçabalizoda isə qismən etiraf ediblər. Məhkəmə həmçinin onların hər birinin 990 000 rubl məbləğində cərimə ödəməli olduğuna qərar verib. Hərbi məhkəmə iş üzrə qalan təqsirləndirilən şəxslər barəsində 19 il 11 aydan ömürlük həbs cəzasına qədər hökm çıxarıb.
Rusiya İstintaq Komitəsi hücumun hazırlanmasında iştirak edən iki təşkilatçı və terror təşkilatının dörd üzvünə qarşı istintaqın davam etdiyini bildirib. Onlar beynəlxalq axtarışa verilib və barələrində qiyabi həbs qətimkan tədbiri seçilib.