"Salyanda məktəbli qızların ərə verilməsi icra başçısının nəzarətindədir "
4 Mart 2024 10:56 HadisəSalyan rayon Pambıqkənd tam orta məktəbində yetkinlik yaşına çatmayan qızların erkən nikaha sövq edilməsi məsələsi icra başçısı Sevindik Hətəmovun birbaşa nəzarətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə AzVision.az -a açıqlamasında Salyan rayon İcra Hakimiyyətinin Aparacı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sevinc Səmədova məlumat verib. O qeyd edib ki, icra hakimiyyəti ötən gündən yayılan məsələdən xəbərdardır və hazırda araşdırma aparılır:
"Pambıqkənd məktəbinin iki qız şagirdinin erkən nikaha cəlb edildiyi qeyd edilir. Onlardan birinin 10-cu sinif şagirdi olduğu və nişanlandığını deyilir. Digəri isə 11-ci sinif şagirdidir, uşaq dünyaya gətirib. İcra başçısının yanından çıxıb, həmin kəndə gedirəm. Mənimlə bərabər Daxili İşlər Nazirliyinin əməkdaşı və yerli təhsil şöbəsindən nümayəndə gedir. Araşdırmadan sonra ətraflı məlumat veriləcək".
Qeyd edək ki, dünən Salyan rayon Pambıqkənd tam orta məktəbində 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi məlumatı yayılıb . Qeyd edilir ki, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Bununla bağlı məktəbin direktorunun işi regional təhsil şöbəsi tərəfindən araşdırılır.