Ağsuda dövlət bayrağımıza qarşı hörmətsizlik - ÖZƏL
29 Fevral 2024 17:27 HadisəÖlkəmizin bütün şəhər və rayonlarının mərkəzi meydanında Azərbaycan bayrağı qaldırılıb. Çox təəssüf ki, cavabdeh qurum rəhbərlərinin məsuliyyətsizliyi səbəbindən bəzi rayonlarda həmin bayraqlar yararsız vəziyyətə düşüb. Belə rayonlardan biri də Ağsunun mərkəzi meydanında yüksələn Azərbaycan bayrağıdır. "Olaylar" xəbər verir ki, sözügedən rayonda baxımsızlıq ucbatından külək və yağışa məruz qalan bayraq çırılıb. Məsələ orasındadır ki, bayrağın uzun müddət yararsız vəziyyətə düşməsinə baxmayaraq onun dəyişdirilməsi təmin edilməyib.
Xatırladaq ki, Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunub. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verib.
Onu da qeyd edək ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb
olur.