“Biz təlim və tərbiyə prosesinə yenidən baxmalıyıq”- Deputat çağırış etdi - ÖZƏL

"Dəyərli dostlar, o videoları kütləvi yaymayın. Əgər düşünürsünüzsə ki, bununla yaxşı nə isə edirsiniz və ya bununla təhsilimizdə nəyisə düzəldəcəksiniz yanılırsınız. Lütfən, etməyin". "Olaylar" xəbər verir ki, belə bir çağırış millət vəkili Seyhun Məmmədovdan gəlib. Millət vəkili bildirib ki, bu problem eyni zamanda, cəmiyyətimizin problemidir: "Biz təlim və tərbiyə prosesinə yenidən baxmalıyıq. Nədən bəzi gənclər bu qədər aqressiv və digər gənclərə belə hörmətsiz yanaşırlar onu ciddi araşdırmalıyıq. Əslində Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində təlim-tərbiyə məsələsinə, bu məsələdə ailənin və məktəbin rolundan geniş bəhs etmişdi. Son baş verən hadisə bu məsələnin aktuallığını bir daha göstərdi. Eyni zamanda, bu hörmətsizliyi sərgiləyən gənc barədə ciddi addımlar atılmalı və cəmiyyətə ətraflı məlumat verilməlidir. Hazırda dövlət qurumları məsələni ciddi araşdırırlar. Nəticələr barədə daha geniş məlumatlar veriləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31