Güney Azərbaycanda mənəvi terror həyata keçirilir
Urmu gölünün qurudulmasından sonra bölgənin tarixi abidələri də məhv edilir
21 Fevral 2014 15:48 Güneyİranda Güney Azərbaycan türklərinin sıx yaşadığı bölgələrin məqsədli şəkildə boşaldılması, həmin ərazilərdəki mədəni-tarixi abidələrin, təbii sərvətlərin məhv edilməsi siyasəti özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Məlum olduğu kimi son bir neçə il ərzində məqsədli şəkildə dünyanın heç bir yerində təkrarı olmayan və YUNESCO tərəfindən dünyanın əvəz olunmaz incisi adlandırılan Urmu gölünə axan çaylarlıın qarşısında perspektivi olmayan sədlər çəkilərək bu gölün qurudulması prosesi gedir. Urmu gölündən əldə olunan son video görüntülər və şəkillər bunu deməyə əsas verir ki, artıq Urmu gölünün 80 faizi quruyub və həmin gölün ətrafında olan kəndlərin sakinləri duz fırtınalarının məhv etdiyi təsərrüfatlarından imtina edərək İranın başqa şəhərlərinə köçməyə məcbur olurlar. Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin əldə etdiyi bilgilərə görə isə Türkiyədən və Şimali İraqdan kütləvi şəkildə həmin ərazilərə kürdlər köçürülür. Paralel olaraq Ərdəbil vilayətində yerləşən kiçik göllər də qurumaqdadır. Urmu gölünün qurudulmasından sonra hazırda Ərdəbilin 46 kiçik gölü son nəfəsini çəkməkdədir. Ətraf mühit mütəxəssislərinin fikrincə təcili tədbir görülməzsə Ərdəbil vilayətində yerləşən göllər tam quruyacaq. Kiçik göllərə tökülən çayların qarşısında İran hakimiyyətinin göstərişi ilə sədlərin tikilməsi onların qurumasının əsas səbəbidir. Eyni zamanda həmin göllərə tökülən suların tərkibində müxtəlif qatqılar olur ki, bu da ekologiya və canlıların həyatını təhlükəyə salır.
Təbii sərvətlərin qurudulması ilə yanaşı Güney Azərbaycandakı tarixi abidələrimizin də məhv edilməsi prosesi gedir. Belə ki, Güney Azərbaycanın milli-mənəvi sərvəti olan Qala başı tarixi təpə və torpaq altında olan qalanın Nağadey (Sulduz) Bələdiyyəsi tərəfindən ticarət obyektinə çevrilməsi üçün xüsusi hazırlıqlar görülür. Bir müddət əvvəl bu barədə keçmiş Şəhər Şuraları tərəfindən adı çəkilən layihənin icra olunmasına imza atılıb və yerli Mədəniyyət və Turizm Təşkilatı tərəfindən irəli sürülən şikayət nəticəsində həmin layihənin icrası dayandırılıb. Ancaq bütün bunlara baxmayaraq dayandırılmış layihənin yenidən qanunsuz şəkildə icra olunması üçün Şəhər bələdiyyəsi və Şəhər Şura üzvləri ümumi razılıq əldə ediblər. Hazırda milli tariximizin şərəfli izi olan bu tarixi abidə tamamilə yerlə yeksan edilməyə çalışılır. Qeyd edək ki, qala tarixi abidə kimi Sulduz şəhərinin mərkəzində yerləşir. Bir faktı da qeyd etmək lazımdır ki, Nağadey şəhərinin gəlir mənbələri bir problem kimi indyə kimi əsaslı şəkildə həll olunmayıb. Çünki şəhərin sosial-iqtisadi baxımdan inkişafı üçün dövlət tərəfindən heç bir büdcə ayrılmayıb. Nağadey şəhəri kiçik bir şəhərdir və 80 min nəfər əhalisi var. Bu şəhərin bələdiyyə işçilərinin maaşını verməyə belə imkanı yoxdur. Buna görə də, Şəhər Şurasının üzvləri əlavə gəlir mənbələri əldə etmək üçün yeni hiylələrə əl atmaq istəyirlər. Şəhər təsərrüfatını qurmaq, yeni iqtisadi imkanlar üçün şərait yaratmaq əvəzinə, tarixi-memarlıq abidələrini yıxmaqla, özlərinin savadsız qafaları ilə milli tariximiz üçün başabəlaya çevriliblər. Buna görə də şəhərin mərkəzində yerləşən bu tarixi abidəni yıxıb dükan və mağazalar düzəldərək yeni gəlir mənbələri yaratmaq istəyirlər.
Sulduz camaatı sadəcə olaraq, İran dövlətinin strateji maraqları müstəvisində hər hansı bir müharibə üçün əzizlənir və ölkə müharibə ilə üz-üzə qalacağı təqdirdə, bu şəhərin igid insanları dərhal səfərbər olunacaqlar. Onların uzun müddətdir başqa sosial-iqtisadi yaşam tərzi sanki, Tehran rejimi üçün maraqsız bir dəyərdir. Son 35 illik tarixi prosesləri diqqətlə incələdikdə bəlli olur ki, Tehran rejimi harada bir savaş problemi ilə üzləşdikdə, dərhal qəhrəman Sulduz əhalisini səfərbər edərək, onların gücü və qüdrətindən öz maraqları üçün məharətlə yararlanır. Ancaq, savaşlar bitdikdən sonra hər şey anındaca unudulur.
Bütün bunlar azmış kimi hakimiyyət Güney Azərbaycan türklərinn min illərdir tarixi və şərəfli milli kimliyi üçün mühüm əhəmiyyət daşıyan Pisdikli Təpə, Yanıq Təpə, Nizamabad Təpəsi və s. digər tarixi abidələri də məhv etməyə hazırlaşır.
Süleyman İsmayılbəyli