İranda hakimiyyət əleyhinə etirazların yeni dalğası başlaya bilər
10 Mart 2023 11:43 GüneyArtıq aylardır ki, İranda xalq kütlələrinin etiraz aksiyaları davam edir. Düzdür, aksiyaların başladığı ilk günlər, həftələrdən fərqli olaraq indi etirazlar bir qədər səngisə də, lakin bütün halda cənub qonşumuzda rejimin çətin günlər yaşadığı şübhəsizdir. Hər nə qədər rejim etiraza çıxan xalqın gözünü qorxutmaq məqsədilə sərt cəza tədbirləri, hətta edam qərarlarına imza atsa da, bütövlükdə etiraz dalğasını tamamilə yatırmaq qeyri-mümkün olaraq qalır. Bunun başlıca səbəbi isə rejimin insanları yeri gəldi-gəlmədi basqı qaltında saxlaması, onları ən adi hüquqlardan belə məhrum etməsidir. Xüsusilə, molla rejimi ərazisində yaşayan 40 milyona yaxın Azərbaycan türkünü basqı altında saxlayır, onların ana dillərində belə təhsil almaq hüququnu tanımır.
Cənub qonşumuzdan gələn xəbərlərdə o da qeyd edilir ki, artıq İranda siyasi etirazlara sosial və iqtisadi şüarlar da əlavə edilir. Bunun başlıca səbəbi isə İrana artan beynəlxalq təzyiqlər və tətbiq olunan sanksiyalar fonunda ölkədə sosial həyatın hər ötən gün daha da ağırlaşması, insanların yaşam tərzinin pisləşməsidir. Ekspertlər hesab edirlər ki, siyasi tələblərin sosial və iqtisadi tələblərlə paralellik təşkil etməsi yaxın vaxtlarda molla rejimi üçün ciddi problemlərə yol açacaq. Elə siyasi ekspert Kənan Novruzov da deyir ki, İrandakı etirazların növbəti dalğası iqtisadi böhranla bağlı ola bilər. Onun sözlərinə görə, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da bu qənaətdədir: "İnstitutdan bildirilib ki, İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı arta bilər. Bildirilib ki, İran rejimi Novruz bayramı ərəfəsində ölkənin təhlükəsizliyini artırmaq üçün son kimyəvi hücumlardan istifadə edir: "Davam edən etirazlar rejimin təhlükəsizliyi üçün böyük problemlər yarada bilər. Eyni zamanda rejim məlum etirazçıları və aksiya təşkilatçılarını həbs etmək üçün təhlükəsizlik tədbirlərini artıra bilər".
Ekspert deyir ki, ABŞ İnstitunun qənaətinə görə, yaxın günlərdə və həftələrdə ölkənin təhlükəsizlik tədbirləri gücləndiriləcək: "Bunun üçün zəhərlənmələrdən istifadə olunacaq. İran İslam İnqilab Keşikçilərinə (Sepah) bağlı "Təsnim" xəbər agentliyi iddia edir ki, ölkədəki zəhərlənmə iğtişaşları qızışdırmaq məqsədi daşıyır. Həmçinin zəhərlənmə kampaniyasının etiraz qruplarını sıxışdırmaq üçün bəhanə kimi istifadə olunacağı da gözlənilir".
Məlumat üçün qeyd edək ki, İranda tələbə qızların kütləvi zəhərlənməsi fevralın 15-dən başlayıb. Beləliklə, ötən ilin sentyabrın bəri davam edən aksiyalarda ikinci mərhələ başlayıb. Kütləvi aksiyalar ötən ilin sentyabrından bəri davam edir.
Hazırkı vəziyyətə diqqət çəkən ekspert bildirib: "Əvvəllər də dediyimiz kimi, İrandakı aksiyalarda Qərbin "əlinin olması" istisna deyil. Hər halda ABŞ və müttəfiqləri mövcud rejimi dəyişməkdə maraqlıdır. Qərbin dəstəyi olmasa idi, etirazlar bu qədər uzun çəkməz, mütəşəkkil olmazdı. ABŞ Müharibə Araşdırmaları İnstitunun yaydığı məlumat həm də informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Belə ki, Qərb mediası zəhərlənmələrin birbaşa hakimiyyət tərəfindən idarə olunmasına dair rəy yaratmağa çalışır. Əlbəttə, bu versiya tamamilə mümkündür. İllər boyu öz xalqına zülm verən molla rejiminin bu addımı atması heç də təəccüblü deyil. Amma əgər iqtidar məqsədyönlü şəkildə xalqını zəhərləyirsə və bunun nəticələrini gözə alırsa, deməli, doğrudan da, rejimin durumu ağırdır.
Yəqin ki, yaxın zamanlarda etiraz daha da güclənəcək. Həbslərin artacağı gözləniləndir.
Bu proseslər isə rejimin dayaqlarını getdikcə zəiflədir. Gələcəkdə etirazların növbəti dalğasının başlanması, o cümlədən iqtisadi böhranla bağlı olaraq yeni aksiyaların keçirilməsi mümkündür. Bu isə molla rejiminin devrilməsi ilə nəticələnə bilər".
Füzuli