İranda etirazlar yeni mərhələyə qədəm qoyur
24 Fevral 2023 16:05 GüneyÖlkədə iqtisadi böhran getdikcə dərinləşir
İranda rejim əleyhinə aksiyalar hər ötən gün özünün yeni bir mərhələsinə qədəm qoyur. Düzdür, İran hakimiyyəti mümkün qədər ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsi ilə bağlı xəbərlərin İrandan kənara çıxmaması üçün səylər göstərir, əksər sosial şəbəkə hesablarını bloklayıb. Eyni zamanda internetlə təminatda süni şəkildə ciddi əngəllər yaradılıb ki, xarici aləm İranda aksiyaların hələ də davam etməsindən məlumatlı olmasın. Ancaq buna rəğmən etirazçılar minimum imkanlardan belə yararlanaraq öz haqq səslərini dünyaya çatdırmaöa çalışırlar. Bu arada İran rejiminin kütləvi aksiyalarda iştirak edən bir qrup şəxs barədə çıxardığı əfv də aksiyaların qarşısının alınmasına müsbət təsir göstərə bilməyib. Xalq birmənalı olaraq molla rejiminin devrilməsi, İranın totalitar rejimdən azad olmasını, insanların haqq və hüquqlarına hörmət edəcək yeni bir idarəçilik sisteminin qurulmasını istəyir və bu istiqamətdə fəaliyyətini, etirazlarını davam etdirir. Eyni zamanda fars rejimi diqqəti daxildən kənara yönəltmək məqsədilə yaxın qonşularında günahkar axtarır, etiraz aksiyalarında xarici amil məsələsini qabartmaqla prosesləri nizama salmağa çalışır.
İranda baş verənlərə artıq Qərbdən, okeanın o tayından, Avropadan olan reaksiyalar da onu deməyə əsas verir ki, beynəlxalq aləm də indi İran xalqı ilə həmrəydir və mövcud rejimin devrilməsi, cənub qonşumuzda yeni bir idarəetmə sisteminin yaradılmasının tərəfdarıdır. Hər halda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində toplantının keçirildiyi ərazidə İranla bağlı keçirilən aksiya və Rza Pəhləvinin bir növ təqdimatı və təbliğatına hesablanmış aksiya artıq beynəlxalq aləmin də İranda rejim dəyişikliyi istiqamətində hərəkətə keçdiyindən xəbər verirdi. Bu arada Birləşmiş Ştatların Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, İrandakı aksiyalar yeni mərhələyə daxil olub. Məlumata görə, etirazçıların fəallığı son günlər əhəmiyyətli dərəcədə artıb. Qərb analitiklərinin fikrincə, İran ciddi iqtisadi problemlərlə üzləşməkdə davam edir. Qeyd olunub ki, bu, Prezident İbrahim Rəisi və onun komandasına qarşı artan siyasi hücumları gücləndirə bilər. Rejimin bir neçə rəsmisi iqtisadi vəziyyətlə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər. Etiraz iştirakçıları mövcud rejimə qarşı təzyiqləri artırmaq məqsədilə iqtisadi böhran amilindən istifadə edə bilər.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov cənub qonşumuzda yaşanan proseslərə diqqət çəkərək xatırladıb ki, İranda etiraz aksiyaları ötən ilin sentyabrında başlayıb. Mitinqlər təxminən beş aydır davam edir. Etirazçıların əsas tələbi demokratik dəyərlərin qorunmasıdır: "Əvvəllər də deediyimiz kimi, İrandakı aksiyalarda Qərbin əlinin olması istisna deyil. Çox güman ki, Birləşmiş Ştatlar və müttəfiqləri bu yolla iran daxilində vətəndaş müharibəsinə bənzər durum yaratmaq istəyirlər. Ümumiyyətlə, proseslər onu göstərir ki, İranda vətəndaş müharibəsi rəsmən başlaya bilər".
Kənan Novruzovun sözlərinə görə, İrandakı mövcud rejim Qərbə sərf etmir: "Birləşmiş Ştatlar və müttəfiqlərini daha çox narahat edən nüvə silahının zənginləşdirilməsi, həmçinin rəsmi Tehranın regional siyasətidir. Ona görə də kollektiv Qərb İran rejimini dəyişmək niyyətindədir".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti onu da vurğulayıb ki, aksiyaların yaxın gələcəkdə səngiyəcəyi ağlabatan deyil: "Əksinə, yəqin ki, mitinqlər eyni templə davam edəcək. Nəzərə almaq lazımdır ki, etirazların təşkilində kənar qüvvələrin əli var. Əks halda aksiyalar bu qədər mütəşəkkil olmazdı. Bu isə o deməkdir ki, aksiyalarla bağlı konkret məqsədlər var. Və böyük ehtimalla etirazlar konkret nəticələrlə yadda qalacaq".
Kənan Novruzov onu da qeyd edib ki, İranda iqtisadi böhran getdikcə dərinləşir: "Bu isə öz növbəsində siyasi müstəviyə təsir edir. Xalq hakimiyyəti ciddi islahatlar həyata keçməyə məcbur edir. Gələcəkdə molla rejiminin müəyyən loyal qərarlar qəbul edəcəyi mümkündür. Hərçənd xalq bununla kifayətlənməyəcək".
Füzuli