İranın ağlı olsa, həyatının səhvinə yol verməz
4 Noyabr 2022 10:40 GüneyCənub qonşumuz İran bütün əndazəni aşaraq Azərbaycana qarşı əsl düşmən münasibət sərgiləyir. Vəziyyyət o həddə çatıb ki, bu ölkənin Bakıdakı səfirliyi də artlq terror yuvasına çevrilib. Hər halda bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat-istintaq tədbiri və ondan artıq şəxsin saxlanılması, eləcə də onlar üçün müvafiq təlimat və zəruri avadanlıqların İranın Azərbaycandakı səfirliyinin avtomobili ilə daşınmasının müəyyən edilməsi deyilənləri təsdiqləyir.
Qeyd etmək lazımdır ki, indiyə qədər bir neçə dəfə hüquq-mühafizə orqanları İranın agentura şəbəkəsini aşkar edib. Lakin səfirlik səviyyəsində belə bir faktın aşkar edilməsi bir ilkdir və deyə bilərik ki, bu hələ başlanğıcdır. İranın Azərbaycanda neçə belə agentura şəbəkəsi var ki, onlar birbaşa dövlətçiliyimiz üçün təhlükə mənbəyidirlər. İran-fars şovinizmi onların beyinlərini elə formatlaşdırıb ki, hətta təlimat aldıqları təqdirdə Azərbaycanda terror da həyata keçirə bilərlər. Ümid etmək olar ki, ölkənin hüquq-mühafizə orqanları qısa zamanda İranın agentura şəbəkəsini üzə çıxarıb onları tamamilə zərərsizləşdirəcək. Dəfələrlə bildirilib və bu gün də israrla qeyd edilir ki, İranın Azərbaycandakı səfirliyi birbaşa terror yuvasıdır və ölkəmizə qarşı təxribatlar məhz İran səfirliyində hazırlanır. Dövlət Təhlükəsizlik Xidmətinin bu günlərdə həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə əlaqədar yaydığı məlumatdakı bu cümlə də bir daha zaman-zaman söylənilənləri təsdiqləyir. Açıqlamada bildirilir ki, araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəs görəsən, İranın əsas dərdi nədir?
Əslində İranın dərdi böyükdür. İran birmənalı olaraq heç vaxt Azərbaycanın güclü, qüdrətli bir dövlət olmasını istəməyib. Tarixən bu belə olub. Hansısa bir dövrdə deyə bilmərik ki, İran Azərbaycana qarşı səmimi münasibıt bəsləyib, bizim inkişafımızı istəyib. Birinci Qarabağ müharibəsi, müharibədən sonrakı 30 ilə yaxın müddət ərzində Ermənistana bütün parametrlər üzrə dəstəyin verilməsi, ən son 44 günlük Vətən müharibəsində yenə eyni tendensiyanın müşahidə edilməsi onu deməyə əsas verir ki, Tehran Bakını özünə düşmən görür. İran təbliğat maşını daxildə bunu Azərbaycanın İsraillə əlaqələri fonunda təqdim edib guya münasibətlərin pozulmasında İsrail faktorunun başlıca rol oynadığını iddia edir. Ancaq əslində bu belə deyil. Əgər həmin prinsipə qalsa İranın bir nömrəli düşməni sayılan Birləşmiş Ştatların Ermənistanda keçmiş MDB məkanı üzrə ən böyük səfirliyi fəaliyyət göstərir. Doğurdan da İran öz düşməninin sərhədləri yaxınlığında olmasını istəmirsə, o zaman həmin məntiqlə Ermənistan çoxdan mollaların dronları ilə aşsüzənə çevrilməli idi. Deməli burada söhbət İranın İsrail və ya Amerika kimi düşmənindən getmir. Burada söhbət güclü, qüdrətli Azərbaycan dövlətinin varlığından gedir ki, bu da molla rejimini çox ciddi şəkildə narahat edir. Xüsusilə, İranın bu narahatçılığı 44 günlük Vətən müharibəsindəki qələbəmiz və İranla sərhəd ərazilərimizi düşməndən azad etməyimizdən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Çünki Azərbaycan İranla sərhəd əraziləri düşməndən azad etməklə İranın narkoticarətinə öldürücü zərbə vurmuş oldu. İşğal dövründə dəfələrlə məlum olmuşdu ki, İran Azərbaycanın işğal altında olan ərazilərində Ermənistanla birgə narkotiklərin əkiliib-becərilməsi, onların qeyri-qanuni dövriyyəsi ilə məşğuldur. Bu ticarətdən hər il İran milyonlarla dollar qazanc əldə edirdi. İndi Azərbaycan öz ərazilərini işğaldan azad etməklə İranı bu qazancdan məhrum etmiş olub. Ona görə də molla rejimi Azərbaycanı özünə düşmən gözündə görür.
Digər tərəfdən Zəngəzur dəhlizinin açılmasını İran özü üçün milli maraqları baxımından təhlükəli sayır. Maraqlıdır ki, dəhlizin keçəcəyi ölkə olan Ermənistan heç İran qədər ermənilik etmir. Ermənistan qalıb bir kənarda İran bu dəhlizə qarşı çıxır, Azərbaycanın bu təşəbbüsünə dirəniş göstərir. Bir müddət əvvəl Araz çayı boyunca molla rejiminin təlimlər keçməsinin arxasında demək olar ki, bu məqsəd dayanır. İran anlayır ki, Zəngəzur dəhlizi işə düşməklə Tehran regionda tamamilə perspektivsiz, lazımsız bir ölkəyə çevriləcək.
Bu arada İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi Tehranın Bakıya qarşı hərbi müdaxilə edəcəyi barədə iddiaları artırıb. Ancaq İranın ağlı olsa, həyatının səhvinə yol verməz. Bu İran üçün ölüm ola bilər. Təkcə Güneydəki 40 milyon soydaşımız ayağa qalxsa molla rejimini tarixin arxivinə göndərə bilərlər. Hələ Azərbaycan Silahlı Qüvvələrinin gücünü, potensialını demirəm. Ona görə də İran açıq şəkildə Azərbaycana qarşı hərbi müdaxilə etməyə cürət etməz. Ancaq bundan sonra Ermənustanı daha çox silahlandırıb onun əli ilə Azərbaycana zərbə vurmağa çalışacaq. Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi görüşündən birbaşa Tehrana səfər etməsi bunu deməyə əsas verir.
Süleyman