İranın hazırda düşdüyü durum hələ bir müddət davam edəcək- ÖZƏL

"Artıq bir aydan çoxdur ki, İranda vəziyyət getdikcə kritik hal alır və İrandakı vəziyyət təkcə bir etnik qrupun deyil, ümumilikdə ümumölkə miqyaslı bir hərəkat və etiraz aksiyası olduğu üçün bu etiraz aksiyalarının qarşısının alınması məsələsi o qədər də asan deyil. Ölkənin müxtəlif əyalətlərində bu etiraz aksiyalarının davam etdirilməsi haqqında məlumatlar var və informasiyalar yayılır. Əlbəttə ki, bunun bir neçə səbəbləri var".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"İranda sosial-iqtisadi vəziyyət ağırdır. Demək olar ki, insanları rejim tərəfindən dəhşət şəkildə sıxırlar və bu elə bir işgəncə halına gəlib ki, artıq insanlar bu rejimdən, xüsusilə də molla rejimindən demək olar ki, canlarını qurtarmağa çalışırlar və hətta müəyyən bir fürsət axtarırlar ki, bunu həyata keçirsinlər. Düşünürəm ki,  Məhsa Əminin öldürülməsi də bunun açıq nümunəsidir və insanların artıq səbr kasasını daşırmışdı. Digər tərəfdən isə İranın demək olar ki, Qərbi birmənalı şəkildə düşmən elan etməsi hazırda mövcud olan İran cəmiyyəti ilə Qərb arasında bir uçurumun yaranmasına gətirib çıxarır. Belə olan halda isə demək olar ki, ölkə daxilində vəziyyət getdikcə gərginləşir və bu proses, tendensiyanın bundan sonra da davam edəcəyi gözləniləndir.
Düşünürəm ki, İranın hazırda düşdüyü durum, etiraz aksiyaları hələ bundan sonra da bir müddət davam edəcək və gözlənilir ki, bu aksiyalar hətta rejimin əsaslı şəkildə kökündən silkələnməsinə səbəb olacaq. Bu da yaxın bir gələcəkdə bu rejimin dağılmasına gətirib çıxara bilər.
Digər tərəfdən isə İranın bu gün region dövlətlər ilə münasibətlərində bir gərginlik var və bu xüsusilə Azərbaycan və Türkiyə ilə hiss olunmaqdadır. Nəzərə alsaq ki, son dövrlər İran-Ermənistan münasibətlərinin sürətlə yaxınlaşması və tələsik İranın Ermənistanın Qafan rayonunda konsulluq şousu yaratması ondan xəbər verir ki, deməli İran Azərbaycanın bölgədə güclənməsinin tərəfdarı deyil. Doğrudur, buna baxmayaraq İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın qazandığı uğurlu qələbə və bunun nəticəsində Azərbaycanın nüfuzu bölgədə və demək olar ki, dünyada sürətlə artmaqdadır. Belə olan halda isə İran təbii ki, bundan ciddi narazılıq və narahatlıq keçirir. Ona görə də, düşünürəm ki, İkinci Qarabağ savaşına qədər üstüörtülü şəkildə Azərbaycana qarşı çirkin kompaniya davam etdirən İran İkinci Qarabağ Müharibəsindən sonra bunu açıq şəkildə büruzə verməyə başladı. Bu gün İranda bir sıra mərkəzlər var ki, onlar Azərbaycana qarşı anti-Azərbaycan təfəkkürü ilə çıxış edir və bunlardan biri də Aran Araşdırmalar Mərkəzi, İran Avrasiya Araşdırmalar Mərkəzi və s.-dir. İran bölgədə Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsindən ciddi narahatlıq keçirir və onu özünə qarşı təhdid hesab edir. Belə olan halda isə əlbəttə ki, münasibətlərin gərginləşməsi artan xətt üzərində davam edəcək və artıq İkinci Qarabağ Müharibəsindən sonra İran 3 dəfə Azərbaycan sərhədində təlimlər keçir. Sonuncu dəfə Araz çayını keçmək üçün belə hərbi təlimlərlə məşq ediblər. Guya öz aləmlərində Azərbaycana əzələ nümayiş etdirirlər. Amma əlbəttə ki, bu absurddur. Çünki Azərbaycan 15 iyun Şuşa Bəyannaməsini imzalayıb və bu bəyannamənin şərtinə əsasən Türkiyə Azərbaycan ərazi bütövlüyünün qorunmasına birmənalı dəstək və təminat verir və bu önəmli məsələdir.
Bütün bunların hamısını nəzərə alıb, yekun olaraq deyim ki, İranın bölgə ilə bağlı siyasətini həm də daxili siyasəti ilə də əlaqələndirmək olar. Yəni, öz daxilində problemləri həll edə bilməyən İran hökuməti, molla rejimi indi artıq region dövlətlərlə manipulyasiya etməklə bir növ cəmiyyəti sakitləşdirməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31