“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır
27 Fevral 11:18 ƏdəbiyyatYUNUS OĞUZ
l hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/587277
Məlumdir ki, müasir Azərbaycan və digər türk dillərində "bil-bilmək" sözü çox geniş yayılıb. "Qədim türk sözlüyü"ndə "bil" müxtəlif mənalar verir:
1. Bil = bilmək;
2. Bil = öyrənmək, dərk etmək;
3. Bil = məsuliyyət hiss etmək;
4. Bil = fikirləşmək;
5. Bildüz = xəbər vermək.
Bilgə = aqil, çox bilən;
Bilgə bilig = ağıllı, hər şeyi dərk edən.
M.Kaşğaridə də bu söz demək olar ki, eyni mənanı verir:
Bil = bilmək;
Bildüz = bildirmək, öyrətmək;
Bilməsin =bilirmiş kimi görünmək;
Bilgə = bilgə, ağıllı, müdrik, alim, hakim;
Biligsə = ağıllı olmağı istəmək.
Göründüyü kimi, Şumerlərin mövcudluğundan altı min il keçsə də, çox anlamlar dəyişməyib, bu gün də izahında eyni mətləblər daşıyır, çünki türklər sözün kökünün işlədilməsində həmişə mühafizəkar olublar.
Bəllidir ki, yazının yaranması üçün dilin təşəkkül tapması çox vacibdir. Bunun üçün dil yüz illərlə formalaşmalı və cilalanmalıdır. Belə başa düşmək olar ki, bu daş kitabələrin və "Dədə Qorqud dastanı"nın yazılma dövründə türk dilləri ləhcə və şivələrə ayrılmamışdı.
Bu barədə akademik Nizami Cəfərov "Azərbaycanşunaslığa giriş" kitabında yazır: "Qədim ümumtürk dilinin bölünməsi prosesi I minilliyin sonu, II minilliyin əvvəllərində, əsasən üç türk dilinin formalaşması ilə başa çatmışdır: oğuz dili, qıpçaq dili, karluq dili. Lakin həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir dilin - ümumtürkcənin dialektləri təsəvvürünü yaradır".
Türkiyənin tarixi araşdırmaçısı Mustafa İzberk "Kim türk?" kitabında türk dilinə müxtəlif dilçi alimlər tərəfindən verilən qiymətdən yazır: "Heç bir qaydalar beləcə gözəl dil yaratmazdı". (Max Müller). Bu qədər geniş əraziyə yayılmış olan türk dili qədər özünü qoruyan başqa bir dil yoxdur". (S.Roux). "Türk dili riyaziyyat kimi bir dil. Bunu mən yox, alman dilçiləri söyləyirlər. Sanki bir tağım riyaziyyatçı oturmuş, riyazi qaydada uyğun, düzgün bir dil icad edək deyə türk dilini yaratmışlar" (O.Şirvanoğlu). "Türk dilinin zamanımızdan 5500 il öncə müstəqil və iki qollu bir dil olaraq varlığı hesablanmışdır. Bu gün yaşayan dillər arasında ən əski yazılı bilgilərə sahib olan dil Türk dilidir. Bunlar Şumer tabletlərindən alınan kəlmələrdir" (O.N.Tuna).
Göründüyü kimi, Dil Türk Milli Kimliyin Varlığı, pasportu və mühərrikidir. Əgər, bu gün Mahmud Kaşğarinin min il öncə yazılmış "Divani lüğətü-im Türk" kitabını oxuyub başa düşürüksə, deməli türk dili, hələ də mühafizəkarlığını qoruyub saxlayır. Təbiidir ki, dövrün inkişafına uyğun yeni və alınma sözlər də dilimizə daxil olur, həyata vəsiqə alır. Lakin bu gün latın dili ölü dili sayılır. Müasir farslar əhəməni və sasani dilini, məsələn Firdovsinin "Şahnamə"sini tərcümədən oxuyurlar. Ruslar XVI əsr rus dillini başa düşmürlər. Belə nümunələri çox çəkmək olar, ancaq əsas qayəmizdən yayınmayaq.
Rizvan Cəbiyevin "Şumer kilidi" kitabında yazdığı fikirlər diqqətçəkəndir:
"Türklərin Şumer əsilli olmasını əngəlləyən ən başlıca maneə - tarixdə ilkin geniş miqrasiyanın Qərbdən Şərqə deyil, Şərqdən Qərbə, yəni Orta Asiyadan Avropaya doğru olması barədə yanlış ideyadır.
Şübhə etmirəm ki, bu ideyanı siyasətçilər düşünmüş və "elm dəllalları" əlilə həyata keçirmişlər. Məqsəd türkləri öz köklərindən qopartmaq və Orta Asiyanın qızmar günəşi altında "susuzluqdan" qurudub məhv etmək olmuşdur. Amma yüzlərlə, minlərlə təkzibolunmaz dəlil bunun əksini sübut edir: xalqların ilk "Böyük köçu" batıdan doğuya idi, yoxsa 6 min il əvvəl Nippurda və digər Şumer şəhərlərində tikilən çoxpilləli zikkuratların eynisinin e.ə. I minillikdə Altın - Tərədə tapılmasını başqa nə ilə izah etmək olar?
Yeri gəlmişkən şumerlər özlərini "kanqlı" adlandırırdılar. Yazılı mənbələrə görə onlar (kanqlılar-kəngərlər) Mesopotomiyaya Xəzərin qərb və şimal sahillərindən köçüblər. Eramızın IX-XIII əsrlərində kanqlı tayfaları Avrasiya bozqırlarında ən güclü tayfalardan biri olmuşlar.
İndi də türklərlə bağlı qədim mənbələrə müraciət edək:
1. Turuklar;
Adları eramızdan əvvəl 2000-ci ildə çəkilir.
Fəaliyyətdə olduğu yer; Mesopotomiya (indiki Şimali İraq).
Adları ilk dəfə Zaqros dağlarında dağ tayfaları kimi assur və babil mətnlərində çəkilir.
F.Ağasıoğlu "9 Bitik" kitabında turuklar haqqında yazır: "Fərat çayının
yaxınlığında, indiki İraq və Suriya sınırı yaxınlığında fransız alimlərinin apardığı qazıntı Mari şəhərinin çar arxivini üzə çıxarmışdır. Mixi yazı ilə yazılmış bu gil tabletlərinin mətnləri iyirmi il sonra, 1950-ci ildən başlayaraq, Luvr muzeyi xəbərlərində dərc edildi. Bu mətnlərdə turukku şəklində oxunmuş boy adı vardı. İlk dəfə H.Z.Koşay bu adın türklərlə bağlı olduğunu söyləmiş... Təkcə burada verdiyimiz 23 №-li tabletdə türk adı beş dəfə verilmişdir..."
Yeri gəlmişkən, həmin dövrlərdə adları mətnlərdə göstərilmiş subarların Turxu adlı şəhəri də mövcud olmuşdur.
2. Turşalar;
Eramızdan əvvəl 13-cü əsrə adları təsadüf edir.
Yaşadıqları yer: Misir və Aralıq dənizinin şərqi.
Adları ilk dəfə Misir mətnlərində, xüsusən də III Ramzesin dövründə "dəniz xalqları" kimi çəkilir.
Onların adlarını homerin əsərlərində də rast gəlinir.
3. Etrusklar (tirsen və tussaylar);
Miladdan öncə 12-11-ci əsrlərdə adları çəkilir.
İtaliyada yerləşib Qərbi Anadolunu idarə edirdilər. İlk dəfə adları qədim yunan və Roma mənbələrində çəkilib.
4. Turşalar;
Milladdan öncə 3-cü əsrdə Şimali Hindistanda və Orta Asiyada yerləşirdilər. Adları ilk dəfə "Maxabxarata" sankritdə çəkilir.
5. Türkülər;
Eramızın 1-ci əsri
Dunay vilayətində məskunlaşmışdılar. İlk dəfə adları Roma çoğrafiyaçısı Pomponiya Melin əsərində çəkilir.
6. Tursülər;
Eramızın 1-ci əsri
Yerləşdikləri yer Don çayının şərqində və Mərkəzi Asiya.
Adları ilk dəfə qədim yunan coğrafiyaçısı Ptolemeyin əsərlərində çəkilir.
7. Turkalar;
Eramızın 2-ci əsri
Yaşadıqları yer Mərkəzi Asiya.
İlk dəfə adları Roma mənbələrində Ammian Marselin tərəfindən çəkilir.
8. Turk;
Eramızın 5-ci əsri
Qafqaz və onun ətrafında yerləşmişdilər. İlk dəfə adları Movses Xorenamsi tərəfindən çəkilir.
9. Turkilinqlər;
Eramızın 6-ci əsri
Mərkəzi Avropada Tuneş çayıının yaxınlığında məskunlaşmışdılar. İlk dəfə adları qot xronikasında çəkilir.
10. Turoba (Troya);
Adları mifoloji dövrə aid edilir.
Məskunlaşdığı yer Turoba (Troya), Qərbi Anadolu.
Skandinav saqalarında adları çəkilir.
10.Turçilər (treklər)
Eramızın 7-ci əsri.
Məskunlaşdığı yerlər Cənub-Şərqi Avropa Balkanlar (Frakiya)
Adları Fredeqaranın xronikasında çəkilir. Turçi adı Trakiya ilə bağlıdır.
11.Turanlılar;
Avrasiyada tarixi bilinməyən dövrdən yaşayırlar.
Mənbələr bütün türk xalqlarını bir yerdə Turan imperiyası, əhalisini isə turanlılar kimi yazırlar.
Ancaq sovet dönəmində Turan adını yazmaq, onu tədqiq etmək tarixçi alimlərə qəti qadağan edilmişdi. Hətta bu dönəmdə turklərin tarixini geninə-boluna yazan L.N.Qumilyov da turanlılar haqqında çox xəsisliklə yazırdı.
Baxın! O yazır: "Qədim turanlıların, sarmanların və alanların varisi quzlardır. Sarmatlarda olduğu kimi, hunların başlanğıc etnogenez fazası e.ə. IV-III əsrlərə təsadüf edir... Bu, o deməkdir ki, quzlar X əsrdə artıq qoca və onları yaradan təkanın inersiya mərhələsində idilər".
Qeyd edək ki, quz-oğuzların X əsr müəlliflərin əsərlərində rast gəlmək olar. L.N.Qumilyov isə göstərir ki, X əsrdə quzlar inersiya (ətalət) fazasına daxil olmuşdular. Deməli, onlar bir etnos kimi 1000-1200 il inkişaf yolu keçmişdilər. Nə onun, nə də digər müəlliflərin əsərlərində X əsrə qədər quz-oğuzlan bir etnos kimi Mərkəzi və Orta Asiyada görünmürlər. Elə isə onlar təkan dövründən başlayaraq, 1000-1200 il harada yaşayıblar?
Quzlar İncildə aşkenez kimi göstərilir. Yunan-roma mənbələrində isə prototürklərə skif (iskut), fars mənbələrində sak demişlər. "Avesta"da isə onları turanlılar adlandırmışlar. Elməddin Əlibəyzadə bu barədə yazır: "Fars mənbələrində "Avesta"dan danışılarkən Turan hökmdarı Alp Ər Tonqa (Əfrasiyab-Y.O.), və xidmətləri belə təqdim olunur:
"O, öz hökmranlıq qalalarını, istilaçılıq qəsrlərini ucaltdı;
Dağlar arasında Bakuri tikdirdi..."
Bu da sizə Bakının tarixi. Yeri gəlmişkən, Mahmud Kaşğaridə kitabında "Baku" təpəliklər deməkdir. Müasir Bakı da təpəliklər üstündə bərqərar olub. Deməli, saklar eyni zamanda turanlıların varisləridir. Bir xalqı müxtəlif xalqlar, müxtəlif dildə, yəni öz dillərinə uyğun adlandırmışlar. Ən əski mənbələr, yəni Aşşur mənbələri iskitləri ilk dəfə Güney Azərbaycanda qeydə almışdır. İskitlərin Güneydə və Quzeydə "İşquz" dövlətinin olduğunu əski mənbələr də təsdiqləyir. Bizcə İşquz və Sakasena dövlətləri eyni dövrlərin ayrı-ayrı mənbələrdəki adıdır.
Herodotun təsdiqinə görə hələ m.ö. IX-VIII əsrlərdə iskitlərin - bu yüksək mədəniyyət yaradan xalqın güclü dalğası olan saklar indiki bütöv Azərbaycanın hakim sakinləri olub. Kür-Araz ovalığı, həm də "Sakasen" / "Sakasena" adlandırılıb, mənası "Sən saksan, Sak torpağındasan" deməkdir. Bu adlar bu sakinlərin nişanəsi ilk tarixi izidir.
Bura əlavə edək ki, Qarabağın qədim adı olan Arsak / Ərsak elə həmin dövrlə bağlıdır. Arsak Sak ərlərin torpağı, məkanı anlamına gəlir.
Yeri gəlmişkən rusdilli elmi ədəbiyyatda belə hesab edirlər ki, yunanlar tərəfindən bir xalqa verilən skif adının kökündə "quz" komponenti dayanır.
M.N.Artamonov belə fikirdədir ki, üz, quz, oğuz müxtəlif variantlarda bir etnosun adıdır.
P.F.Sum bu siyahıya polovesləri, peçenqləri də əlavə edir. O bildirir ki, yuclar və peçenqlər, kuman və uzlar bir xalqdır.
Sum belə bir nəticəyə gəlib təsdiq edir ki, kifayət qədər materiallara əsasən yucların hun olduğunu demək mümkündür. O, XII əsr müəllifləri İonna Skilsa, Qlika və Zonara istinadən yazır ki, "madyarlar və uqorlar skiflərdir və onları "uzlar" adlandırırlar.
Herodotun şəhadətinə görə skif / iskitlərin əfsanəvi atalarının adı Tarqıtaydır. Deməli turanlılar tarixi bilinməyən dövrdən mövcud olmuş, türk xalqları sülaləyə uyğun özlərini adlandırdıqca "turanlılar" etnonimi əfsanələşmiş və mifə çevrilmişdi.
Yeri gəlmişkən dünyaca məşhur olan türkiyəli tarixçi Kazım Mirşan türklərin tarixini Anadoluda eramızdan əvvəl 15000 il öncəsinə dayandırır. O yüzlərlə qaya rəsmlərinin, mixi yazılarının şifrələrini açaraq 1970-ci ildə dünyaya səs salacaq prototürklər haqqında kitab nəşr etdirmişdi.
F.Ağasıoğlu isə "İslamöncəsi türk tarixi, 9 Bitik" kitabında Anadoluda və Azərbaycanda mövcud olmuş türk dövlətləri və bəylikləri haqqında müfəssəl bilgilər verir.
Ön Asiyada qurulan türk dövlətləri:
Subar eli (ölkəsi)
Subar bəyliyi
Doğu subar bəyliyi
Aratta eli
Lulu eli
Qut eli
Turuk (Türk) bəyliyi
Kuman bəyliyi
Azərbaycanda kiçik bəyliklər (m.o. IX-VIII əsrlər)
Manna eli
Qamər bəyliyi
Saqa eli
Mada eli
Azərbaycan eli (Kiçik Mada, Atropaten)
Alban (Aran) eli
Doğrudur bu siyahını uzatmaq da olar, ancaq əsas mövzudan yayınmamaq üçün tur/tar/tor/tör sözlərinin mahiyyətini Strabonun "Coğrafiya" kitabında axtaraq, onunla Avropaya səyahət edək. Nəzərə alaq ki, bu kitabın yazılma tarixi 2000 il əvvələ təsadüf edir.
Tədqiqatçı alim Əjdər Fərzəli özünün "Gəmiqaya-Qobustan mədəniyyəti" əsərində yazır: "İ.Fridrix və başqa qərb və rus müəllifləri Strabonun "Coğrafiya"sından yan keçərək, heç bir əsas olmadan, tarixi-metodoloji müqayisə aparmadan finikiya əlifbasını bütün əlifbaların başlanğıcı hesab etmişlər. Strabon da 6000 il (indi 8000 il - Y.O.) Turdentlara aid edir...", yəni indiki İspaniyada yaşamış türklərə məxsusluğunu təsdiq edir.
Cəfər Cəfərov da turdentların türk mənşəli və türk əsilli olduğunu öz əsərində qeyd edir.
Əjdər Fərzəli özünün məlum kitabının sonunda belə bir nəticəyə gəlir: "Qayaüstü təsvirlərə, Azərbaycan və xarici alimlərin fikirlərinə əsaslanaraq, demək olar ki, Gəmiqaya-Qobustan mədəniyyəti e.ə. VIII-V minilliklərdə öz inkişaf və çiçəklənmə dövrünü yaşamışdır. Bununla əlaqədar bəzi yazılı mənbələrə də istinad etmək olar. Məsələn, Strabonun "Coğrafiya"sında turdetanların, turdulların e.ə. VII minillikdə yetkin fonoqrafik əlifbaya malik olduqlarının xatırlanması, e.ə. VIII-VII minilliklərə aid edilən Mas de AZİL (Fransa) işarələrinin Gəmiqaya-Qobustanda aşkarlanması faktı da bu fikirə inamı artırır".
ARDI VAR