ABŞ və İsrail HƏMAS-a ultimatum verir: Girovlar azad olunmasa,… – ÖZƏL
16:02 DünyaABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu radikal Fələstin təşkilatı HƏMAS-a qarşı ultimatum irəli sürməyə hazırlaşırlar.
Olaylar.az xəbər verir ki, The New York Times qəzetinin yazdığına görə, əgər HƏMAS bu şərtləri yerinə yetirməzsə, İsrail Qəzza zolağında hərbi əməliyyatların miqyasını genişləndirəcək.
Məlumata görə, İsrail tərəfi HƏMAS-dan azı 20 diri israilli girovun dərhal azad olunmasını, əvəzində isə İsrail həbsxanalarındakı fələstinli məhbusların sərbəst buraxılmasını tələb edir. Bundan əlavə, HƏMAS-ın 30 nəfər həlak olmuş girovun cəsədini geri qaytarması və gələcəkdə silahlı mübarizədən imtina edəcəyi gözlənilir.
HƏMAS nümayəndəsi Mahmud Mardavi qəzetə bildirib ki, təşkilat silahı yerə qoymayacaq: "Əvvəldən tələbimiz bu olub - müharibənin dayandırılması, məhbusların azad edilməsi və Qəzza üçün ümumi razılaşma."
Xatırladaq ki, iyulun 27-də HƏMAS-ın Qəzzadakı lideri Xalil əl-Həyyə blokada şəraitində İsraillə danışıqların mənasız olduğunu bəyan etmişdi. Bu bəyanatdan sonra Netanyahu Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda iştirak edən nümayəndə heyətinin geri çağırılmasına göstəriş vermişdi. ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff da HƏMAS-ın son cavabının atəşkəsə marağın olmadığını göstərdiyini bildirərək, amerikalı danışıqlarçılarının da Dohadan geri çağırıldığını elan etmişdi.
Fələstinli radikallar isə bu qiymətləndirmə ilə razılaşmadıqlarını bildiriblər. Onların sözlərinə görə, digər vasitəçilər HƏMAS-ın cavabını "konstruktiv" hesab edib və onu dəstəkləyiblər.