Borrel: Aİ ABŞ-lə ticarət razılaşmasının şərtlərini yerinə yetirə bilməyəcək - ÖZƏL
13:31 DünyaAvropa İttifaqının (Aİ) sabiq xarici siyasət rəhbəri Jozep Borrel bəyan edib ki, qurum ABŞ-lə əldə olunan ticarət razılaşmasının öhdəliklərini yerinə yetirə bilməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə o, EUObserver portalına verdiyi müsahibədə bildirib.
"Tarif razılaşması elə detallara əsaslanır ki, onların icrası qeyri-mümkündür. Trampa verilən bu güzəştlər sonradan bizim əleyhimizə istifadə olunacaq. O, deyəcək ki, biz öhdəlikləri yerinə yetirmirik - çünki həqiqətən də onları yerinə yetirmək mümkün deyil", - deyə Borrel vurğulayıb.
O, xüsusilə qeyd edib ki, Aİ üç il ərzində ABŞ-dən 750 milyard dollar dəyərində enerji resursları ala bilməz: "Bu, sadəcə olaraq, mümkün deyil".
Borrelin fikrincə, Aİ-nin ABŞ-dən silah alışlarını artırmaq öhdəliyi də reallaşdırıla bilməz. "Biz deyirik ki, öz müdafiə sənayemizi inkişaf etdirmək istəyirik, eyni zamanda isə hər şeyi ABŞ-dən almağa söz veririk. Bu, tam bir ziddiyyətdir. Bu, yaşıl enerji siyasətimiz olduğunu iddia etməklə eyni vaxtda qaz alışını üç dəfə artırmağa bənzəyir", - deyə o əlavə edib.
Xatırladaq ki, iyulun 27-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Donald Tramp razılığa gəliblər ki, ABŞ avqustun 1-dən etibarən Avropadan idxal olunan malların təqribən 75 faizinə 15 faizlik gömrük rüsumu tətbiq edəcək. Bu, əvvəlki 30 faizlik ümumi tarifdən geri addım kimi qiymətləndirilir. Əvəzində Avropa Komissiyası Rusiyadan enerji resurslarının hər növünün idxalına tam qadağa qoyulacağını, ABŞ-dən isə neft, qaz, nüvə avadanlığı və yanacaq alınacağını, bunun üçün 750 milyard dollar xərclənəcəyini, əlavə olaraq isə ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatırılacağını öhdəsinə götürüb.