Böyük Britaniya qanunsuz miqrasiyaya qarşı mübarizəyə 132 milyon dollar ayıracaq - ÖZƏL
10:18 DünyaBöyük Britaniya hökuməti La-Manş boğazı vasitəsilə ölkəyə qanunsuz miqrasiyanın qarşısını almaq üçün əlavə 100 milyon funt sterlinq (təxminən 132 milyon dollar) ayıracaq. Olaylar.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, ayrılan vəsait Fransa ilə imzalanan "bir gələn, bir qaytarılan" prinsipi üzrə miqrantların geri göndərilməsini də əhatə edən tədbirlərə yönəldiləcək.
Böyük Britaniyanın daxili işlər naziri İvetta Kuper bildirib ki, bu vəsait 300 əlavə əməkdaşın Milli Cinayətkarlıqla Mübarizə Agentliyində işə qəbuluna, eləcə də insan alverində iştirak edən qruplar barədə məlumatların toplanması üçün yeni texnologiya və avadanlıqların alınmasına sərf olunacaq.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bəri La-Manş boğazı vasitəsilə Böyük Britaniyaya 25 min nəfərdən çox qanunsuz miqrant keçib. Bu göstərici iyul ayının sonuna olan məlumata görə rekord həddə çatıb.