ABŞ Rusiyadan palladium idxalının potensial zərərini qiymətləndirəcək - ÖZƏL
1 Avqust 18:59 DünyaABŞ-ın Federal Beynəlxalq Ticarət Komissiyası Rusiyadan idxal olunan palladiumun Amerika istehsalçılarına zərər vurub-vurmadığını qiymətləndirəcək.
Olaylar xəbər verir ki,bu barədə ABŞ hökumətinin rəsmi sənədlərinin toplusu olan Federal Reyestrdə dərc olunmuş bildirişdə deyilir.
Sənəddə qeyd olunur ki, anti-dempinq araşdırmalarının "ilkin mərhələsinin" məqsədi budur: "Birləşmiş Ştatlar sənayesinə maddi zərər vurulması, belə bir təhlükənin mövcudluğu və ya ölkədə bu sahənin formalaşmasının əhəmiyyətli dərəcədə ləngiməsi üçün əsaslı səbəblərin olub-olmadığını müəyyən etmək." Komissiyanın açıqlamasına görə, sözügedən məhsul "ehtimal ki, ABŞ-da ədalətli bazar dəyərindən aşağı qiymətə satılır və ehtimal ki, Rusiya hökuməti tərəfindən subsidiyalaşdırılır."
Komissiyanın ilkin nəticələri 15 sentyabra qədər təqdim edəcəyi planlaşdırılır. Araşdırmanın yekunlarına əsasən, ABŞ hökuməti Rusiya palladiumuna qarşı anti-dempinq və kompensasiya rüsumlarının tətbiqinə dair qərar verəcək.
ABŞ dövlət katibinin idarəçilik və resurslar üzrə birinci müavini Maykl Riqas 16 iyulda ABŞ Senatının xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, Vaşinqton Rusiyadan palladium tədarükünə qarşı rüsumların tətbiqi də daxil olmaqla, tədbirlər görə bilər. O, bu fikri Montanadan olan respublikaçı senator Stiv Deynsin sualına cavab verərkən deyib. Senator Deyns iddia edib ki, Rusiya guya bazarı palladiumla "bastıraraq" qiymətlərin enməsinə səbəb olub. Onun sözlərinə görə, Montanada bu metalın hasilatı ilə məşğul olan müəssisələrdə bu səbəbdən təxminən 700 nəfər işdən çıxarılıb.
Qeyd edək ki, palladium avtomobillər üçün katalizatorların istehsalında, həmçinin elektronika və kimya sənayesində, eləcə də digər sahələrdə istifadə olunur. "Bloomberg" agentliyi 2024-cü ilin oktyabrında mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ G7 ölkələrindən Rusiyadan palladium və titan idxalına sanksiyaların tətbiqi imkanını nəzərdən keçirmələrini istəyib.
İbrahim Məmmədli