Avropa Ombudsmanı: Avropa Komissiyası qərarları şəffaflıqdan kənar qəbul etməklə etimadı itirə bilər- ÖZƏL
11:20 DünyaAvropa Komissiyası (AK) qərarların qəbul olunmasını sadələşdirmək və sürətləndirmək məqsədilə həyata keçirdiyi islahat kampaniyasını vətəndaş cəmiyyətinin iştirakı olmadan aparmaqla ictimai etimadı riskə atır. Olaylar.az xəbər verir ki, bu barədə Avropa Ombudsmanı Tereza Anjinyu "Financial Times" qəzetinə açıqlamasında bildirib.
Ombudsman Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni bu prosesdə derequlyasiyanı (qanunların sadələşdirilməsi və qaydaların ləğvi) lazımi təminatlar olmadan həyata keçirməməyə çağırıb. Anjinyunun sözlərinə görə, məsələ sadəcə qanunların sadələşdirilməsində deyil, bu qərarların adi qanunvericilik prosedurlarından yayınaraq tələsik və qapalı şəkildə qəbul edilməsindədir.
Söhbət xüsusilə iqlim dəyişikliyi və onun biznes mühitinə təsiri ilə bağlı qanunvericilik aktlarından, həmçinin korporativ davamlılığın kompleks qiymətləndirilməsi qaydalarından gedir. Bildirilir ki, Brüssel bu sənədləri sürətləndirmək məqsədilə vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmayıb və yeni qaydaların təsir qiymətləndirməsini həyata keçirməyib.
Anjinyunun sözlərinə görə, ictimaiyyətdə belə bir fikir formalaşır ki, "bu cür qərarlar qapalı qapılar arxasında və tələsik şəkildə qəbul olunur".
"Financial Times" yazır ki, bu tənqidlər Ursula fon der Lyayenə qarşı Avropa Parlamentində keçiriləcək etimadsızlıq səsverməsi öncəsi onun üzərinə əlavə təzyiq yarada bilər. Etimadsızlıq səsverməsi fon der Leyenin COVID-19 dövründə baş vermiş korrupsiya qalmaqalında - "PfizerGate" - iştirakı ilə əlaqədar gündəmə gətirilib.
Xatırladaq ki, rumıniyalı Avropa Parlamentinin deputatı George Piper ödənişli vaksin müqavilələri ilə bağlı şəffaflığın pozulmasını əsas gətirərək fon der Lyayenə qarşı etimadsızlıq təklifi irəli sürüb. Avropa İttifaqının qanunvericiliyinə əsasən, belə bir təşəbbüs üçün 72 deputatın imzası tələb olunur. Artıq 74 imza toplanıb.
2024-cü ildə Avropa İttifaqı Ədalət Məhkəməsi müəyyən edib ki, Avropa Komissiyası COVID-19 vaksinlərinin alınması üzrə bağlanmış təxminən 2,7 milyard avro dəyərində müqavilələrdə ictimaiyyətə kifayət qədər şəffaflıq təmin etməyib. Üstəlik, istehsalçı şirkətlər peyvəndlərin yan təsirlərinə görə hüquqi məsuliyyətdən azad olunublar. Həmin müqavilələr fon der Lyayenin şəxsən telefon mesajları ilə farmakoloji şirkət rəhbərləri ilə birbaşa əlaqə saxlaması vasitəsilə bağlanıb. Bu yazışmalar isə sonradan Komissiya tərəfindən "təsadüfən silinmiş" hesab edilib.