Avropa İttifaqı və Macarıstan: Səsvermə hüququndan məhrumetmə nə qədər realdır?
13:10 Dünya"Əvvəlcə onu qeyd etmək lazımdır ki, Macarıstanın Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməsi məsələsi ilə bağlı konkret mexanizm hələ tam formalaşmayıb. Bu səbəbdən də, bəzi açıqlamalarda "hazırlaşırlar" kimi ifadələr daha çox blef xarakteri daşıya bilər. Çünki Avropa İttifaqının tarixində bu cür prosedur olmayıb və yaxın perspektivdə belə bir qərarın tətbiqi Avropa bürokratiyasının mürəkkəbliyi fonunda çox da real görünmür".
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Macarıstan məsələsinə gəldikdə isə, aydındır ki, bu ölkə Avropa İttifaqının üzv dövlətləri ilə bir sıra məsələlərdə fikir ayrılığı yaşayır. Bu fərqliliklər xüsusilə Ukraynaya yardım, cinsi azlıqlarla bağlı yanaşmalar və digər siyasi mövzularda özünü göstərir. Lakin bu vəziyyət Macarıstanda hakimiyyətdə olan Viktor Orbanın siyasətindən doğur. Orban hakimiyyətə gəlməmişdən öncə bu mövqelərini xalqa açıq şəkildə bildirmiş və dəstək qazanaraq iqtidara gəlmiş bir liderdir. O, hazırda da Ukraynaya edilən yardımları gərəksiz hesab edir və onların dayandırılmasının tərəfdarıdır.
Avropa İttifaqı daxilində bu yanaşma ciddi narazılıqlara səbəb olur. Bununla belə, unutmaq olmaz ki, Macarıstan Avropa İttifaqından ciddi şəkildə asılıdır. Artıq üç ildir ki, Orban bu cür ritorika ilə çıxış edir, lakin nəticə etibarilə çox vaxt bu çıxışlar praktiki qərarlara çevrilmir və ya müəyyən prosedurlar nəticəsində Orban Avropa İttifaqının əsas xəttinə uyğun hərəkət etməyə məcbur qalır.
Bu vəziyyətin əsas səbəbi isə ondan ibarətdir ki, Avropa İttifaqı çox böyük və mürəkkəb bir strukturdur və Macarıstan kimi bir ölkənin təkbaşına bu qurumun ümumi istiqamətinə yön verə biləcəyi real deyil".
Zeynəb RZAYEVA