Fransa və Britaniya Ukraynanın bəzi əraziləri itirməsini tanımağa açıqdır- ÖZƏL
23 Aprel 2025 10:43 DünyaFransa və Britaniya rəhbərliyi Ukraynanın bəzi əraziləri itirməsini tanıdığı ssenariyə açıqdır. Olaylar.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) diplomatik mənbələrə istinadla məlumat yayıb. Söhbət 2022-ci ildən sonra Rusiya tərkibinə daxil olmuş ərazilərin mümkün sülh sazişi çərçivəsində Ukrayna tərəfindən tanınmasından gedir.
Mənbələrin bildirdiyinə görə, həm London, həm də Paris belə bir razılaşma müqabilində Ukraynanın gələcək təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsini və ölkəyə güclü iqtisadi dəstək göstərilməsini zəruri hesab edir. Eyni zamanda, Fransa və Britaniya Kiyevin ərazi itkilərini yalnız de-fakto şəkildə tanımasını - yəni hüquqi deyil, faktiki olaraq qəbul etməsini üstün tutar. Bu yanaşmanın nümunəsi kimi 1950-1953-cü illər arasında baş vermiş Koreya müharibəsinə son qoyan atəşkəs sazişi göstərilir.
WSJ qeyd edir ki, ərazi itkilərinin rəsmi şəkildə tanınması perspektivi Ukrayna rəhbərliyində və Avropadakı bir sıra müttəfiq hökumətlərdə narahatlıq yaradıb. Belə bir addımın atılması üçün Ukraynada ciddi siyasi və hüquqi çətinliklərin dəf olunması tələb olunur.
The Daily Telegraph qəzetinin əvvəlki məlumatına görə, 23 aprel tarixində Londonda keçiriləcək Ukrayna münaqişəsinin tənzimlənməsinə həsr olunmuş görüşdə ABŞ rəsmiləri Ukrayna, Fransa və Britaniyaya yeddi bənddən ibarət sülh planı təqdim edəcək. Plana dərhal atəşkəsin əldə olunması, Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar, Ukraynanın NATO üzvlüyündən imtina etməsi, Krımın Rusiya suverenliyi altında tanınması və Rusiya nəzarətində olan digər ərazilərin faktiki olaraq Moskvanın tərkibində qəbul edilməsi daxildir.
Görüş ərəfəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Financial Times qəzetinə verdiyi açıqlamada Rusiya ilə ABŞ arasında bu mövzuda aparılan danışıqları "çətin və vaxt tələb edən" proses adlandırıb və dərhal nəticə gözləməyə əsas olmadığını bildirib.