Çin Myanmarda atəşkəsə nəzarət etmək üçün müşahidə heyəti göndərdi- ÖZƏL 

Çin Myanmarda ordu ilə üsyançılar arasında vasitəçilik etdiyi atəşkəsə nəzarət etmək məqsədilə ölkəyə müşahidə heyəti göndərib. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi çərşənbə axşamı rəsmi məlumat yayıb. Bu addım Pekinin Myanmarda dərinləşən vətəndaş müharibəsində artan rolunu göstərir.
2021-ci ildə hərbi çevriliş nəticəsində seçkilərlə hakimiyyətə gəlmiş mülki hökumət devrildikdən sonra ölkə xaosa sürüklənib. Genişmiqyaslı etiraz hərəkatı sonradan silahlı müqavimətə çevrilib.
Əsasən etnik çinlilərdən ibarət olan Myanmar Milli Demokratik Alyansı Ordusu (MNDAA) ötən il Çinlə sərhəddə yerləşən Laşo şəhərində orduya məxsus əsas qərargahı ələ keçirib. Bu hücum, ölkə üzrə müxtəlif bölgələrdə irəliləyən üsyançı qrupların uğurlu əməliyyatlarının bir hissəsi olub.
Yanvar ayında Çin şəhəri Kunmində MNDAA və hərbi rəhbərlik arasında aparılan danışıqlardan sonra atəşkəs barədə rəsmi razılaşma imzalanıb. Çin hökuməti bu prosesə vasitəçilik edib.
Son günlərdə bəzi hərbi rəsmilər Laşoya qayıdıb, şəhərdə hərbi texnikalar müşahidə olunub. Bu barədə Myanmar mətbuatı məlumat yayıb. Lakin bu xəbərlər hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Ciaokun mətbuat konfransında bildirib:
"Hər iki tərəf Çin tərəfinin şimal Myanmarda sülh və sabitliyin qorunması istiqamətindəki konstruktiv rolunu yüksək qiymətləndirir və təşəkkür edir. Çin Kunminq sülh danışıqlarını irəlilətməkdə davam edəcək."
MNDAA 2023-cü ilin oktyabrında ordunu hədəf alan genişmiqyaslı hücumlara başlayan "Üç Qardaşlıq Alyansı" adlı silahlı birliyin tərkib hissəsidir. Bu alyans Çinlə sərhəddə yerləşən geniş əraziləri nəzarətə götürərək orduya ciddi zərbələr endirib.
MNDAA ilə ordu arasında əldə olunmuş razılaşma ASEAN-ın təşəbbüsü ilə irəli sürülən və daha geniş ərazini əhatə edən atəşkəs planından fərqlidir. ASEAN əsas diqqəti Myanmarda ötən ay baş vermiş və 3700-dən çox insanın ölümünə səbəb olmuş zəlzələdən sonra humanitar yardımın çatdırılmasına yönəltmək istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31