Ərdoğanın çıxışı zamanı bu plakatı qaldıran şəxs həbs edildi
12:58 DünyaƏrdoğanın çıxışı zamanı səhnəyə telefon atan şəxs saxlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda keçirilən tədbir zamanı Prezident Ərdoğana doğru telefon atan və əlində plakat açan N.K. həbs edilib.
Rəcəb Tayyib Ərdoğan Bağcılar Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasının açılış mərasimində çıxış edərkən "AK Parti səbəb, inflyasiya nəticədir" və "Allahın dinini istifadə etmə, Reis" sözlərinin yazıldığı plakatı qaldıran və telefonunu səhnəyə tərəf atan 44 yaşlı, 3 uşaq atası olan tekstil işçisi N.K. polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.
N.K. istintaqa ifadəsində bu hərəkəti ilə ölkədəki iqtisadi çətinliklərə diqqət çəkmək istədiyini bildirib. Daha əvvəl də AKP İstanbul İl Başkanlığı qarşısında iki dəfə oxşar etiraz keçirdiyini deyən N.K. "Prezidentə başqa yolla çata bilmədiyim üçün bu tədbirə qatıldım. Ona zərər vermək niyyətim yox idi. Sadəcə məni eşitsin deyə telefonumu səhnə ilə olduğum yer arasındakı boşluğa atdım," - deyə bildirib.
O, "Allahın dinini istifadə etmə, Reis" plakatının məqsədini də izah edərək, ölkədəki varlı təbəqənin yoxsul xalqın vəziyyətini düşünməsi və gəlir bərabərsizliyinin aradan qaldırılması lazım olduğunu söyləyib. N.K.-nın vəkili isə onun prezidentə qarşı təhqir və ya fiziki hücum niyyəti olmadığını, sadəcə içində olduğu çətinliyi ifadə etməyə çalışdığını deyərək müvəkkilinin azadlığa buraxılmasını istəyib.