Monqolustanla Aİİ arasında müvəqqəti ticarət sazişi gündəmdədir – ÖZƏL

Dünyada ticarət müharibəsinin hökm sürdüyü bir dövrdə Monqolustan hökuməti üçün Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə müvəqqəti ticarət sazişinin imzalanması əsas prioritet məsələlərdən biridir. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və inkişaf naziri, baş nazirin birinci müavini Luvsannyamyn Gantumur Baş nazir Luvsannamsrain Oyun-Erdenenin rəhbərliyi ilə keçirilən İqtisadi İnkişaf Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, hazırda danışıqları aparılan bu saziş Monqolustanın uzunmüddətli inkişaf proqramına daxil edilib.

"Aİİ ölkələri ilə ticarət, dünya iqtisadiyyatında qeyri-müəyyənlik və investisiyaların azalması şəraitində bazarımızı genişləndirmək üçün mühüm imkandır," - deyə Gantumur vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, qlobal iqtisadi artım tempinin azalması ilə əlaqədar Monqolustanın əsas xammal alıcısı olan Çində də iqtisadi yavaşlama gözlənilir. Bu isə ölkənin əsas büdcə gəliri mənbəyi olan mədən sənayesinin ixracına təsir göstərə bilər.

Monqolustanla müvəqqəti ticarət sazişinin bağlanması qərarı 8 may 2024-cü il tarixində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında qəbul edilib. Saziş çərçivəsində müəyyən məhsullar üzrə qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvi və ya azaldılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31