Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişi imzalandı – ÖZƏL
21 Aprel 16:01 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyasına dair qanunu imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Saziş Moskva və Tehran arasında uzunmüddətli əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir və iki ölkəni strateji tərəfdaş statusunda təsbit edir. Sənəd müdafiə, terrorizmlə mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələrini əhatə edir.
Qeyd edək ki, saziş İran Prezidenti Məsud Pezeşkiyanın cari ilin yanvarında Moskvaya səfəri zamanı imzalanıb. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, bu saziş iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə və beynəlxalq arenada koordinasiyaya xidmət edəcək. Sənəddə, həmçinin, parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə xüsusi yer verilir.