Ağ Evdə Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunur– ÖZƏL

Olaylar.az xəbər verir ki, The Wall Street Journal qəzetinin məlumatına görə, Ağ Evdəki bir sıra yüksək vəzifəli rəsmilər ABŞ Prezidenti Donald Trampa Moskvanın Ukrayna ilə bağlı sülh bəyanatlarına ehtiyatla yanaşmağı tövsiyə ediblər. Onlar Rusiyanın niyyətlərinə qarşı daha diqqətli mövqe sərgiləməyi vacib sayırlar.

Bu rəsmilər arasında ABŞ dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kellog da yer alır. Lakin qəzet qeyd edir ki, Tramp əsasən Prezidentin xüsusi elçisi Stiven Uitkoffun fikirlərinə üstünlük verir. Uitkoffun fikrincə, Rusiya uzunmüddətli sülhə nail olmaq istəyir və bu istiqamətdə real danışıqlara hazırdır. Xatırladaq ki, o, Rusiya Prezidenti Vladimir Putinlə artıq iki dəfə görüşüb.

Digər tərəfdən, Reuters agentliyi xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil olunan bir qrup demokrat Ukraynanın təzyiqləri fonunda "Ukraynaya dəstək haqqında" qanun layihəsi hazırlayıb. Bu sənəddə Ukraynanın təhlükəsizliyinin maliyyələşdirilməsi və Rusiyaya qarşı yeni sərt sanksiyaların tətbiqi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31