Tramp administrasiyası Harvard Universitetinə 2,2 milyard dollarlıq maliyyəni dondurdu- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə ayrılmış 2,2 milyard dollar məbləğində qrant və 60 milyon dollarlıq çoxillik müqavilənin maliyyəsini dondurub. Olaylar.az xəbər verir ki, bu barədə CNN  məlumat yayıb.

14 aprel tarixində Harvard Universiteti administrasiyanın bəzi tələblərini rədd etdiyini və siyasətində dəyişiklik etməyəcəyini bəyan edib. Universitetin prezidenti Alan Garber bildirib: "Universitet öz müstəqilliyindən imtina etməyəcək və konstitusion hüquqlarını qurban verməyəcək."

Ötən həftə Ağ Evdən universitetə göndərilən məktubda idarəçilik, işə qəbul, qəbul prosedurları və bərabərlik, müxtəliflik və inklüzivlik proqramlarına dair əlavə tələblər irəli sürülüb.

Tramp administrasiyası ABŞ-dakı bir çox universitetə xəbərdarlıq edərək bildirib ki, əgər onlar siyasətlərini dəyişməsələr, maliyyə yardımları azaldıla bilər. CNN qeyd edir ki, Harvardın bu addımı - Ağ Evin tələblərini rədd etməsi - bu səviyyədəki nüfuzlu bir ali təhsil müəssisəsi üçün ilk hadisədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31