Macarıstan Rusiya sanksiyalarının uzadılmasına mane ola bilər – ÖZƏL

Macarıstan Rusiya ilə bağlı genişmiqyaslı fərdi sanksiyaların uzadılmasını əngəlləyə bilər. Martın 15-də müddəti başa çatacaq sanksiyalarla bağlı Budapeştin mövqeyi Avropa İttifaqında (Aİ) gərginliyə səbəb olub. 

Olaylar.az xəbər verir ki, bu barədə Euractiv portalı Avropa diplomatlarına istinadən məlumat yayıb.

Martın 6-da Aİ sammitində Avropanın yenidən silahlanması və Ukraynaya dəstək məsələləri müzakirə edilib. Diplomatların sözlərinə görə, həmin iclasda Macarıstan digər üzv ölkələrin təşəbbüslərinə ciddi mane olmayıb və nə Rusiya sanksiyalarını, nə də Rusiya qazı və neftinin tədarükü ilə bağlı məsələləri gündəmə gətirib. Lakin bu həftə Budapeştin sanksiyaların uzadılmasına qarşı çıxaraq Aİ-dən maksimum güzəştlər əldə etməyə çalışacağı və ya razılaşmanı tamamilə pozmaqla hədələyəcəyi gözlənilir.

Vaşinqtondan gələn siqnallara əsasən, ABŞ Rusiyaya qarşı sanksiya rejimini yumşaltmağı nəzərdən keçirir. Bu fonda Macarıstanın da daha sərt addımlar ata biləcəyi və Aİ-dən öz maraqları üçün daha geniş güzəştlər tələb edəcəyi ehtimal edilir. Budapeşt daha əvvəl sanksiya siyahısından səkkiz nəfərin çıxarılmasını və Ukrayna ilə qaz tranziti danışıqlarında əlavə güzəştlər əldə etməyi hədəflədiyini bəyan etmişdi.

Aİ ölkələrinin nümayəndələri bu həftə Rusiya əleyhinə sanksiyaların uzadılması üçün üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri səsvermə keçirəcək. Sanksiyalar üzrə yekdillik tələb olunduğundan, əgər Macarıstan etiraz edərsə və razılıq əldə olunmazsa, Aİ bu məsələdə yeni və qeyri-müəyyən bir vəziyyətlə üzləşə bilər.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto daha əvvəl bildirmişdi ki, rəsmi Budapeşt Rusiya şirkətləri və vətəndaşlarına qarşı fərdi sanksiyaların uzadılmasına yalnız Avropa Komissiyasının Macarıstanın enerji təhlükəsizliyi ilə bağlı verdiyi zəmanətlərə əməl etməsi halında razılaşacaq. O qeyd edib ki, Avropa Komissiyası Macarıstana verdiyi dörd vəddən ikisini artıq pozub. Xatırladaq ki, yanvarın 27-də Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay müddətinə uzadıb və Macarıstan bunun müqabilində Rusiya neft və qazının Mərkəzi Avropaya maneəsiz tədarükü ilə bağlı Brüsseldən zəmanətlər almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31