Suriyada keçmiş rejim tərəfdarlarına qarşı əməliyyat başa çatdı – ÖZƏL

Suriyanın yeni hökumətinin təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarının ölkənin qərb bölgələrində törətdiyi hücumların qarşısını alıb və onları zərərsizləşdirib. 

Olaylar.az xəbər verir ki, bu barədə keçid hökumətinin Müdafiə Nazirliyinin sözçüsü Həsən Abdel Qani məlumat verib və sahil bölgələrində əməliyyatın başa çatdığını elan edib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Latakiya vilayətinin bir sıra şəhərlərində və Tartus vilayətinin bəzi yaşayış məntəqələrində "keçmiş rejimin qalıqlarını" zərərsizləşdirərək bölgədə sabitliyin təmin olunmasına nail olub.

"Keçmiş rejimin tərəfdarlarının və onların zabitlərinin hücumlarının qarşısını aldıq, onların qəfil hücum faktorundan istifadə etməsinə imkan vermədik. Həmçinin, onların mühüm obyektlərə çatmasının qarşısını alaraq əsas yolların təhlükəsizliyini təmin etdik", - deyə Nazirlik nümayəndəsi bildirib. "Bu uğurla biz yuxarıda göstərilən məqsədlərlə başladığımız hərbi əməliyyatın başa çatdığını elan edirik. Bu, dövlət qurumlarının fəaliyyətini bərpa etməsinə və əhaliyə vacib xidmətlər göstərməsinə imkan yaratdı", - rəsmi bəyanatda qeyd olunub.

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs vilayətlərində yeni Suriya hakimiyyətinə sadiq təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında toqquşmalar baş verib. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu Ələvi dini azlığının yaşadığı Cəbələ şəhərində qeydə alınıb. Hakimiyyət həmin vilayətlərə ordu hissələri və zirehli texnika göndərib, əsas şəhərlərdə komendant saatı elan edib. Martın 8-də isə Suriya keçid hökuməti sahil bölgələrinə əlavə qüvvələr yeridərək təhlükəsizliyi bərpa etməyə və keçmiş prezidentin silahlı tərəfdarlarının müqavimət ocaqlarını tamamilə zərərsizləşdirməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31