İran ətrafında gərginlik artır: Rusiya diplomatından xəbərdarlıq – ÖZƏL

Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müddətinin başa çatmasına az qalsa da, alternativ bir plan hazırlanması üçün heç bir addım atılmır. Bu isə İran ətrafında nəzarətsiz eskalasiya ehtimalını artırır.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

"İranla bağlı müzakirələr zamanı, iclasımız çərçivəsində daha aydın oldu ki, 2025-ci ildə İran ətrafında ciddi çalxalanmalarla üzləşəcəyik. Oktyabrın 18-də JCPOA və nüvə sazişini təsdiqləyən 2231 saylı qətnamənin müddəti başa çatır. Hazırda bu planı əvəz edəcək heç bir alternativ yoxdur və bu istiqamətdə heç bir cəhd də edilmir", - Ulyanov Valday Beynəlxalq Klubunun Atom Enerjisi və MAQATE-nin İdarə Heyətinin sessiyasına həsr olunmuş müzakirəsində deyib.

Diplomatın sözlərinə görə, Avropa və ABŞ İranın MAQATE ilə təhlükəsizlik sazişinə əməl etmədiyini əsaslandırmaq üçün hərtərəfli qiymətləndirmə hesabatına ehtiyac duyur. Bununla da Tehranı BMT Təhlükəsizlik Şurasına çıxarmaq məqsədi güdülür. O əlavə edib ki, bu halda İran nüvə silahlarının yayılmaması haqqında müqavilədən (NPT) çıxmağa hazırlaşır.

Ulyanovun fikrincə, vəziyyəti yalnız ABŞ-nin danışıqlar masasına qayıdaraq mövqeyini açıq şəkildə ifadə etməsi düzəldə bilər.

"Əgər indiyə qədər olduğu kimi dialoq olmazsa və 2022-ci ilin yayından bəri olmadığı kimi vəziyyət dəyişməzsə, ciddi problemlərlə üzləşəcəyik. Nəzarətsiz eskalasiya istənilən an baş verə bilər", - Rusiya diplomatı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31