ABŞ-Ukrayna hərbi yardımının bərpasına dair heç bir işarə yoxdur – CBS News – ÖZƏL
10 Mart 2025 13:59 DünyaABŞ-nin Ukraynaya hərbi və kəşfiyyat yardımlarını bərpa edəcəyinə dair heç bir əlamət yoxdur.
Olaylar.az xəbər verir ki, CBS News diplomatik mənbələrə istinadən bu barədə məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə təkcə mineral ehtiyatlarına dair razılaşma əldə etməklə kifayətlənməyə bilər, lakin onun hərbi yardımı bərpa etmək üçün qoyduğu konkret şərtlər hələ də qeyri-müəyyəndir.
Martın 3-də Tramp Truth Social platformasında Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin hələ uzun müddət davam edəcəyi ilə bağlı fikirlərini "verilə biləcək ən pis bəyanat" adlandırıb. Bundan qısa müddət sonra Vaşinqton Kiyevə hərbi yardımı dayandırıb.
Martın 4-də ABŞ Konqresində çıxış edən Tramp Zelenskidən Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlara hazır olduqlarını bildirən məktub aldığını deyib. Lakin Ukrayna Prezidentinin sözçüsü Sergey Nikiforov Trampın bu açıqlamasına cavab olaraq, sözügedən məktubun sosial mediada edilən paylaşım ola biləcəyini bildirib.
Zelenski daha əvvəl ABŞ ilə istənilən vaxt mineral ehtiyatları ilə bağlı razılaşma imzalamağa hazır olduğunu bildirmişdi. Vaşinqtonun mövqeyinə görə, bu razılaşma ABŞ-nin Ukraynaya hərbi yardımını bərpa etməsi üçün mühüm amildir.