Kiyevdə Trampın adını daşıyan iki kafe yeni ad alacaq- ÖZƏL

Kiyevdə ABŞ prezidenti Donald Trampın adını daşıyan iki kafe yaxın günlərdə yeni ad alacaq. Bu qərar ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırmasından sonra qəbul edilib. Olaylar.az xəbər verir ki,  barədə 10 mart tarixində The Sun qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Trump Coffee Bar və Trump Pizza Station adlı kafelərin sahibi müəssisələrin adlarının dəyişdirilməsi göstərişini verib. Hər iki kafe Kiyevin mərkəzində, bir-birindən təxminən bir mil (təqribən 1,6 km) məsafədə yerləşir.

Kafelərin işçiləri bildiriblər ki, yeni adlar bu ayın sonuna qədər elan ediləcək.

Xatırladaq ki, 4 mart tarixində Reuters agentliyi ABŞ administrasiyasının Ukraynaya hərbi yardımı dayandırdığını rəsmi şəkildə təsdiqlədiyini xəbər vermişdi. 5 martda isə Fox News kanalının jurnalisti Ceki Haynrikin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Rətkliff Vaşinqtonun bir müddət Kiyevlə kəşfiyyat məlumatlarının paylaşımını dayandırmaq qərarına gəldiyini təsdiqləyib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31