Avstraliya Ukraynaya sülhməramlı göndərmək məsələsini dəyərləndirə bilər – ÖZƏL

Avstraliya Ukraynadan və onun müttəfiqlərindən hər hansı yardım tələbi alacağı təqdirdə, o cümlədən sülhməramlı qüvvələrin göndərilməsi məsələsini nəzərdən keçirə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri və Baş nazirin müavini Riçard Marlz açıqlama verib.

O, ABC News telekanalına müsahibəsində bildirib ki, Avstraliya hökuməti 2022-ci ilin mayında hakimiyyətə gəldiyi andan Ukraynanı dəstəkləməkdə ciddi mövqe sərgiləyib. "Bütün yardım tələblərini diqqətlə dəyərləndirmişik və ən yaxşı şəkildə necə kömək edə biləcəyimizi araşdırmışıq", - deyə Marlz vurğulayıb.

Müdafiə naziri Ukraynaya sülhməramlıların göndərilməsi məsələsinə də toxunub: "Əgər belə bir rəsmi tələb olarsa, bunu diqqətlə nəzərdən keçirəcəyik. Amma hazırda sülhü qorumaq üçün bir vəziyyətin olmadığını da qeyd etməliyik".

O əlavə edib ki, hazırda Avstraliya hərbçiləri Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarını hazırlayır və bu təlim proqramı 2022-ci ilin sonundan bəri davam edir.

Marlz, həmçinin martın 11-də Avstraliyanın NATO-dakı hərbi nümayəndəsi Di Turtonun Parisdə keçiriləcək iclasda iştirak edəcəyini bildirib. Bu toplantıda Ukraynaya mümkün sülhməramlı qüvvələrin göndərilməsi məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, Avstraliya 2022-ci ilin martından bəri Ukraynaya silah və hərbi avadanlıq göndərir. Ümumilikdə, ölkə Kiyevə 1 milyard dollardan çox hərbi yardım göstərib, bunun 880 milyon dollardan çoxu silah və sursatın alınmasına sərf edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31