Argentina hökuməti daşqın qurbanları üçün üç günlük matəm elan edib – ÖZƏL

Argentina hökuməti Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində həlak olan ən azı 16 nəfərin xatirəsinə üç günlük matəm elan edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

"Prezident Aparatı bildirir ki, Prezident Xavyer Milei martın 7-də Bahia-Blanka şəhərində və ətraf ərazilərdə baş verən güclü təbii fəlakət nəticəsində həyatını itirən vətəndaşlarımız üçün üç günlük matəm elan edəcək", - deyə rəsmi açıqlamada qeyd olunub.

Bahia-Blanka hakimiyyət orqanlarının məlumatına görə, hazırda 16 nəfərin öldüyü təsdiqlənib. Daha əvvəl 13 nəfərin həlak olduğu bildirilirdi. Daşqın zamanı itkin düşən iki uşağın axtarışları davam edir. Eyni zamanda, 963 nəfər təxliyə olunub.

Martın 7-də güclü yağışlar səbəbindən Bahia-Blanka liman şəhəri və ətraf yaşayış məntəqələrində daşqınlar baş verib. Bir neçə saat ərzində əraziyə 300 mm yağıntı düşüb ki, bu da şəhər üçün tarixi rekord hesab olunur. Şəhərdə elektrik enerjisinin verilməsində problemlər davam edir. Federal hökumət fəlakətin nəticələrini aradan qaldırmaq üçün 10 milyard peso (9 milyon dollar) ayıracağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31