Rumıniyada toqquşmalar: Corceskuya prezident seçkilərində iştirak qadağan edildi- ÖZƏL

Rumıniyanın Mərkəzi Seçki Bürosu ifrat sağçı siyasətçi Kalin Corceskunun may ayında keçiriləcək prezident seçkilərində iştirakını qadağan edib. Bu qərar onun tərəfdarları ilə polis arasında toqquşmalara səbəb olub. Olaylar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

2024-cü ilin noyabrında keçirilən prezident seçkilərinin birinci turunda Corcesku qalib gəlsə də, seçkinin nəticələri ləğv edilib. Kəşfiyyat orqanları Rusiyanın TikTok platformasında Corceskunu dəstəkləyən 800 hesab açdığını müəyyən edib.

Mərkəzi Seçki Bürosu Corceskunun namizədliyini "qanuniliyə uyğun olmadığı" səbəbilə rədd edib. Qurum siyasətçinin "demokratiyanı qoruma öhdəliyini pozduğunu" bəyan edib. Corcesku isə bu qərarı "demokratiyaya birbaşa zərbə" adlandırıb. O, 24 saat ərzində bu qərardan şikayət verə bilər və məhkəmə 72 saat ərzində yekun qərar verməlidir.

Minlərlə tərəfdarı Buxarestdə Mərkəzi Seçki Bürosunun qarşısında etiraz aksiyası keçirib. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Yaxınlıqdakı barların pəncərələri sındırılıb, ən azı 4 nəfər saxlanılıb. Əksər etirazçılar ərazidən uzaqlaşsa da, yüzlərlə insan polisə qarşı çıxmağa davam edib. Hadisə yerinə əlavə polis qüvvələri göndərilib və ərazi mühasirəyə alınıb.

Fevralın 26-da Corcesku prezidentliyə namizədliyini qeydə almağa çalışarkən həbs olunub. Bundan sonra on minlərlə rumın Buxarest küçələrinə axışıb. O, konstitusiya quruluşunu pozmaqda ittiham edilsə də, bu iddiaları və Moskva ilə əlaqəsini rədd edib.

Yeni prezident seçkiləri 4 mayda, ikinci tur isə 18 mayda keçiriləcək.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31