ABŞ və Ukrayna arasında danışıqlar gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, gələn həftə ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında görüş keçirəcək. Onun sözlərinə görə, bu görüşün məzmunlu olacağına ümid edirlər.

Zelenski vurğulayıb ki, Kiyev "ədalətli və uzunmüddətli" sülhə nail olmaq üçün çalışır. "Ukrayna və ABŞ komandaları yenidən danışıqlara başlayıb və biz ümid edirik ki, gələn həftə əhəmiyyətli görüşümüz olacaq. Ukrayna müharibənin ilk saniyəsindən etibarən sülh istəyir və biz hər zaman vurğulamışıq ki, müharibənin davam etməsinin yeganə səbəbi Rusiyadır", - deyə o bildirib.

Ukrayna prezidenti beynəlxalq ictimaiyyəti Moskvaya təzyiqləri artırmağa çağırıb ki, Rusiya müharibənin dayandırılmasının vacibliyini qəbul etsin.

BBC-nin məlumatına görə, Zelenski həmin gün Səudiyyə Ərəbistanında olacaq, lakin birbaşa danışıqlarda iştirak etməyəcək.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff isə qeyd edib ki, Amerika komandası müharibəyə son qoymaq üçün sülhün əsas prinsiplərini müzakirə etmək niyyətindədir.

Fevralın 28-də Ağ Evdə keçirilən görüş zamanı Zelenski, ABŞ prezidenti Donald Tramp və vitse-prezident C. D. Vens arasında gərgin anlar yaşanıb. Martın 4-də Zelenski bəyanat verərək Ukraynanın mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğunu bildirib. O vurğulayıb ki, sülhü ukraynalılardan daha çox heç kim istəmir və Ağ Evdəki görüşün "planlaşdırıldığı kimi keçmədiyinə" təəssüf etdiyini ifadə edib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31