Van İ: Rusiya-Çin dostluğu qlobal dəyişikliklərdən asılı deyil– ÖZƏL
7 Mart 11:26 DünyaOlaylar.az xəbər verir ki, Çinin xarici işlər naziri Van İ bildirib ki, Rusiya və Çin arasındakı dostluq beynəlxalq arenada baş verən dəyişikliklərdən asılı deyil. O, bu fikri Ümumçin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.
"Beynəlxalq arenada baş verən dəyişikliklərdən asılı olmayaraq, Çin-Rusiya dostluğunun tarixi təməli dəyişməz qalır və onun daxili dinamikası zəifləmək bilmir", - deyə Van İ vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasındakı sabit münasibətlər ani şəkildə dağılmaz və üçüncü tərəflərin təsirinə məruz qalmaz.
Bundan əvvəl Van İ Çinin Ukraynada sülhün əldə olunmasına yönəlmiş səyləri dəstəklədiyini bəyan etmişdi.
Qeyd edək ki, Çinin Moskvadakı səfirliyi Rusiya və Çin arasında viza rejiminin tədricən ləğv olunduğunu bildirmişdi.