Avstriyalı deputat: Trampın Ukraynaya hərbi yardımı dayandırması diplomatik həll yoluna doğru mühüm addımdır – ÖZƏL
15:41 DünyaABŞ Prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarı Ukrayna münaqişəsinin diplomatik həlli yolunda mühüm addımdır.
Olaylar.az xəbər verir ki, bunu Avropa Parlamentində Avstriya Azadlıq Partiyası nümayəndə heyətinin rəhbəri Harald Vilimski bildirib.
"Bu addım sübut edir ki, vəziyyətin gərginliyin azaldılması istiqamətində yenidən nəzərdən keçirilməsi mümkündür. Prezident Donald Tramp başa düşüb ki, sonsuz silah tədarükləri sülhə töhfə vermir, əksinə, ölüm hallarının daha da artmasına gətirib çıxarır. Bu qərar diplomatik həll yoluna doğru vacib bir addımdır. Aİ onun nümunəsini izləməli və nəhayət, eskalasiya deyil, diplomatiyaya diqqət yetirməlidir," - deyə Vilimskinin partiyasının mətbuat xidməti onun sözlərini sitat gətirib.
Vilimskinin fikrincə, danışıqlara başlamaq üçün şərait yalnız silah tədarükünün dayandırılması ilə yaradıla bilər. O vurğulayıb ki, Aİ-nin indi Ukrayna münaqişəsinin diplomatik həllini dəstəkləmək imkanı var və müharibəni daha da uzatmamalıdır. "Silah tədarükünü davam etdirən ölkə bu müharibənin uzanmasına töhfə verir," - deyə o bildirib.
Martın 3-də Reuters agentliyi Ağ Ev rəsmisinə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Daha sonra, Pentaqon sözçüsü bu məlumatı TASS-a təsdiqləyib. Onun sözlərinə görə, dayandırılma hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasına aiddir. Buraya hava və dəniz yolu ilə çatdırılmış, lakin hələ Polşanın tranzit zonalarında gözləyən silahlar da daxildir.